Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində danışıqlarda ciddi irəliləyiş var. Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
Uitkoff Rusiya tərəfi danışıqların çətin, lakin işgüzar keçdiyini və yeni mərhələnin tezliklə baş tutacağını bildirib. Eyni zamanda mediada sülhdən sonra ABŞ şirkətlərinin Rusiya bazarında payını artıra biləcəyi və hətta sanksiyaların böyük iqtisadi sövdələşmə müqabilində ləğvi ehtimalına dair iddialar səslənib.
Bu informasiyalar bir neçə paralel xəttin formalaşdığını göstərir.
Birincisi, diplomatik xətt: tərəflər ən azı danışıqlar kanalını açıq saxlayır və bu, müharibənin tam hərbi eskalasiya fazasında olmadığını göstərir.
İkincisi, iqtisadi xətt: mümkün sülhün yalnız siyasi deyil, həm də bazarların yenidən bölüşdürülməsi perspektivi kimi qiymətləndirilməsi. Əgər həqiqətən də ABŞ şirkətləri Rusiya bazarına daha geniş çıxış əldə etmək niyyətindədirsə, bu, sanksiya siyasətinin gələcək taleyini birbaşa iqtisadi maraqlarla bağlayır.
Üçüncü xətt isə geosiyasi balansdır: bu müharibə artıq yalnız Moskva və Kiyev arasında deyil, Qərb-Rusiya münasibətlərinin struktur böhranı kontekstində dəyərləndirilir.
Yaxın zamanda sülhün mümkün olub-olmaması məsələsinə gəldikdə isə burada realist yanaşma vacibdir. Danışıqlarda “ciddi irəliləyiş” ifadəsi müsbət siqnal olsa da, əsas mübahisəli mövzular - ərazi statusu, təhlükəsizlik zəmanətləri, Ukraynanın hərbi-siyasi orientasiyası və sanksiyaların hüquqi mexanizmi - hələ də açıq qalır. Sanksiyaların ləğvi məsələsi xüsusilə mürəkkəbdir, çünki bu, təkcə icraedici hakimiyyət qərarı deyil, həm də ABŞ və Avropada daxili siyasi balansla bağlıdır.
Digər tərəfdən, Avropa İttifaqının Rusiya ilə ticarət dövriyyəsinin hələ də yüksək səviyyədə qalması göstərir ki, iqtisadi əlaqələr tam qırılmayıb və real siyasət bəzən siyasi ritorikadan fərqlənir. Bu isə o deməkdir ki, mümkün razılaşma yalnız hərbi deyil, həm də iqtisadi reallıqlar nəzərə alınaraq formalaşacaq.
Əgər genişmiqyaslı sövdələşmə modeli gündəmə gəlsə, bu, müharibənin “hərbi həll” mərhələsindən “strateji bazarlıq” mərhələsinə keçid demək olacaq. Belə ssenaridə atəşkəs və ya mərhələli sabitləşmə daha real görünür, lakin tam və hüquqi baxımdan dayanıqlı sülh üçün yeni təhlükəsizlik arxitekturası tələb olunur. Bu isə yalnız Rusiya və Ukrayna arasında deyil, həm də ABŞ və Avropa ilə Rusiya arasında sistemli razılaşmanı zəruri edir. Mövcud dinamika göstərir ki, proses hərəkətə keçib, lakin yekun nəticə tərəflərin siyasi iradəsi, daxili ictimai rəy və qlobal güc balansı ilə müəyyən olunacaq. Qısa müddətdə tam sülhdən çox, mərhələli və şərti sabitləşmə ehtimalı daha yüksək qiymətləndirilə bilər.
Alim Nəsirov
Bakı 




