"Son illər dünyada keysəriyyə əməliyyatlarının artması müzakirə mövzusuna çevrilib. Mütəxəssislər isə tibbi göstəriş olmadıqda təbii doğuşun üstün olduğunu bildirirlər".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.
Mütəxəssis təbii doğuşun həm ana, həm də uşaq üçün daha faydalı olduğunu vurğulayıb:
“Ümumiyyətlə, hər şey təbii daha gözəldir. Mənim fikrimcə, təbii doğuş daha üstündür. Həm uşağın sağlamlığı üçün, həm də qadının daha tez və rahat bərpa olunması üçün bu daha əlverişlidir”.
N.Axundova bildirib ki, keysəriyyə faizinin artmasının əsas səbəblərindən biri ağrı qorxusudur:
“Son zamanlar dünyada kəsəriyyə faizi artır. Çünki qadınlarda ağrı qorxusu yaranır. Bəzən reklamlarda doğuş prosesi çox qısa və asan kimi təqdim olunur və əməliyyat daha rahat variant kimi görünür. Amma kəsəriyyə fizioloji doğuş deyil”.
Onun sözlərinə görə, tibbi əks göstəriş yoxdursa, təbii doğuşa üstünlük verilməlidir:
“Əgər qadında hər şey normaldırsa və tibbi əks göstəriş yoxdursa, təbii doğuş tövsiyə olunur. Hazırda ‘ağrısız doğuş’ anlayışı var. İnkişaf etmiş ölkələrdə kəsəriyyə faizi azalır, çünki epidural anesteziya geniş tətbiq olunur”.
Mütəxəssis bəzi ölkələr üzrə statistik göstəriciləri də qeyd edib:
“Amerikada halların təxminən 67-70 faizində epidural anesteziya tətbiq olunur. Fransada bu göstərici 80 faizdir. Rusiyada isə təxminən 40-50 faiz təşkil edir. Bizdə isə qadınlarda müəyyən qorxular var – bel nahiyəsində problem yaranacağı ilə bağlı yanlış düşüncələr mövcuddur”.
Axundova hesab edir ki, maarifləndirmə aparılmalıdır:
“Qadınlara izah edilməlidir ki, ağrısız təbii doğuş mümkündür. Təbliğat və düzgün məlumatlandırma aparılsa, qadınların əksəriyyəti təbii doğuşa razılaşır”.
Zeynəb Rzayeva
Bakı 




