Son günlər Azərbaycan və Qazaxıstan arasında enerji sahəsində əməkdaşlıq diqqət çəkəcək dərəcədə dərinləşib. Xüsusilə neft və qazın tranziti üzrə birgə təşəbbüslər, liderlərin qarşılıqlı açıqlamaları ilə birlikdə Transxəzər marşrutunun region üçün strateji əhəmiyyətini bir daha ortaya qoyur.
Bu əməkdaşlıq yalnız enerji resurslarının daşınmasını sürətləndirməklə kifayətlənmir, həm də Avrasiya məkanında Orta Dəhlizin logistika şəbəkəsindəki rolunu gücləndirir.
Tranzit xətləri, liman infrastrukturu və nəqliyyat dəhlizlərinin inteqrasiyası Azərbaycan-Qazaxıstan əməkdaşlığının regional enerji ticarətində dominant mövqe qazanmasına imkan yarada bilər.
Bu əməkdaşlıq Orta Dəhlizin Avrasiya neft və qaz logistikasında dominant mövqeyini necə möhkəmləndirə bilər və onun regional enerji təhlükəsizliyinə təsiri nə qədər olacaq?

İlham Şaban: Hələ ki, bazarda kardinal dəyişikliklər hiss olunmur
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib ki, ötən il Qazaxıstanın Azərbaycana neft ixracı ilə bağlı hökumət proqnozları özünü doğrultmayıb.
"Nəyə görə? Çünki Qazaxıstan tərəfi proqnozlaşdırırdı ki, 1,6–1,7 milyon ton neft Azərbaycan üzərindən daşınacaq, amma reallıqda bu rəqəm 1,4 milyon ton olub. Yəni, bu, Qazaxıstanın açıqladığı rəqəmə əsaslanır".
Onun sözlərinə görə, hələ də bu il üçün neft daşınmalarında hansısa intensivləşmə və ya rəsmi açıqlama, yaxud neft istehsalçılarının bəyanatı müşahidə olunmayıb:
"Təqribən 1,5 milyon ton həcmində neftin daşınması onları qane edən səviyyədir və hələ ki, bazarda kardinal dəyişikliklər hiss olunmur. Reallıq da məhz budur".

Ağamehdi Mehdizadə: Mövcud nəqliyyat şəbəkəsi ilə həcmlər stabildir
Məsələnin daşımalar tərəfi ilə bağlı Bakıvaxtı.az-a danışan logistika üzrə mütəxəssis Ağamehdi Mehdizadə söyləyib ki, ötən il Qazaxıstanın Azərbaycana neft ixracı ilə bağlı hökumət proqnozları düşünülən prizmada olmayıb:
"Logistik tərəfdən baxdıqda, hazırda Azərbaycandan Qazaxıstan neftinin daşıması əsasən mövcud infrastruktur və Transxəzər marşrutları üzərindən həyata keçirilir. Bu həcmlər, 1,4–1,5 milyon ton səviyyəsində, hazırkı terminal, boru kəmərləri və liman imkanları üçün idarə oluna bilən həcmdir".
Həmsöhbətimiz qeyd edib ki, indiyədək nə rəsmi açıqlama, nə də istehsalçıların bəyanatlarında daşınma həcmlərinin kəskin artırılacağına dair məlumat yoxdur:
"Yəni, hazırda bazarda və logistika sistemində yenilik müşahidə olunmur və mövcud nəqliyyat şəbəkəsi ilə həcmlər stabildir".
Əli Hüseynov
Bakı 




