Dövlət qulluğu sahəsində əməkhaqqı sisteminin yenilənməsi istiqamətində həyata keçirilən son dəyişikliklərə əsasən, dövlət qulluğu sahəsində əməkhaqqı sistemi yenidən qurulur, bir sıra mükafat və əlavələr ləğv edilərək vəzifə maaşının baza hissəsinə daxil edilir. Yeni yanaşma əməkhaqqının daha sadə, şəffaf və idarəolunan mexanizm əsasında formalaşdırılmasını nəzərdə tutur.
Edilən yeni dəyişikliklər fonunda, bu islahatların korrupsiyanın azalmasına, dövlət qulluğuna marağın artmasına necə təsir göstərə bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu qaydanın dəyişdirilməsinin təbii ki, faydaları olacaq:
"Çünki mükafatlar tətbiq olunarkən müəyyən sui istifadə hallarına yol verilə bilirdi və belə ehtimallar mövcud idi.
İndi isə fiks olunmuş və artırılmış maaş sistemi tətbiq ediləcək. Yəni işçilərin nəsə itirəcəyini düşünmürəm. Əksinə, onlar daha sabit və yüksək maaş alacaqlar".

Natiq Cəfərli: Yeni dəyişiklik şəffaflığın artırılmasına xidmət edən müsbət addımdır
Ekspert qeyd edir ki, bu dəyişiklik həm büdcə şəffaflığının, həm də əməkhaqqı sistemində şəffaflığın artırılmasına xidmət edən müsbət addımdır. Əgər əvvəllər bəzi idarələrdə mükafatlandırma ilə bağlı suistifadə halları baş verə bilirdisə, indi bu ehtimallar aradan qalxır:
"Nəticə etibarilə, vətəndaşlar və işçilər əmək müqaviləsi əsasında fiks olunmuş əməkhaqqı alacaqlar ki, bu da onların sosial vəziyyətinə müsbət təsir göstərə bilər".
Zeynəb Rzayeva
Bakı 




