• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Həkim: “Hamiləliyə xəstəlik kimi yanaşmayın”

CƏMİYYƏT

18 Fevral 2026 | 15:35

Həkim: “Hamiləliyə xəstəlik kimi yanaşmayın”

"Hamiləlik dövründə yalnız tibbi nəzarət deyil, ailə dəstəyi də mühüm rol oynayır. Psixoloji rahatlıq sağlam nəticəyə birbaşa təsir edir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda deyib.

Mütəxəssis ailə dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb:

“Hamilə qadının ailə dəstəyinə çox ehtiyacı var. Mən çox sevinirəm ki, qadınlar müayinəyə ailə üzvləri ilə birlikdə gəlirlər. Düzdür, işləyən qadınlar bəzən tək gəlir, amma ümumilikdə ailə qayğısı çox vacibdir. Qadınlar bu dövrdə nazlanmalı, diqqət görməlidir”.

Onun sözlərinə görə, hamiləliyə xəstəlik kimi yanaşmaq düzgün deyil:

“Hamiləlik xəstəlik deyil. Əgər əks göstəriş yoxdursa, qadın hərəkətli olmalı, açıq havada gəzməli və düzgün qidalanmalıdır. Ən əsası həkim nəzarətində olmalıdır”.

N.Axundova qeyd edib ki, müasir tibbdə ağır görünən hallarda belə müsbət nəticə əldə etmək mümkündür:

“Bu gün vaxtında aşkar edilən problemlərin 99 faizində yaxşı nəticə almaq mümkündür. Qaraciyər və böyrək transplantasiyası keçirmiş qadınlarda, şəkərli diabetlə yaşayan və insulin qəbul edən gənc qadınlarda belə uğurlu hamiləlik nümunələri var. Əsas məsələ vaxtında müraciət etməkdir”.

Həkim sonda qadınlara çağırış edib:

“Hər hansı narahatlıq olduqda özünüzü dinləyin və gecikmədən həkimə müraciət edin. Vaxtında nəzarət və düzgün yanaşma sağlam ana və sağlam körpə deməkdir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR