"Qazaxıstan Dəmir Yolları"nın törəmə şirkəti olan “KTZ Express” Tranzxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz – red.) üzrə Qazaxıstanda istehsal olunan xırdalanmış düyünün Belçikanın Antverpen limanına pilot ixrac tədarükünü həyata keçirib.
Bu barədə Bakıvaxtı.az "Qazaxıstan Dəmir Yolları"na istinadən xəbər verir.
“Sözügedən marşrut Xəzər və Qara dənizlər üzərindən Mərkəzi Asiyanı Avropa ilə birləşdirən beynəlxalq multimodal nəqliyyat dəhlizi kimi fəaliyyət göstərir. Daşıma dəmir yolu infrastrukturu və dəniz xətlərinin cəlb edilməsi ilə multimodal formatda təşkil olunub”, - məlumatda bildirilir.
Məlumata görə, logistik sxem “Qızılorda – Aktau limanı – Poti limanı – Antverpen limanı” marşrutu üzrə formalaşdırılıb və dəmir yolu ilə dəniz nəqliyyatının ardıcıl istifadəsini nəzərdə tutur. Poti ilə Antverpen arasında yerləşən dəniz sahəsində daşımalar beynəlxalq gəmiçilik qrupu “CMA CGM Group”un iştirakı ilə həyata keçirilir.
Qeyd olunur ki, əvvəllər bu istiqamət üzrə yüklərin çatdırılması əsasən quru marşrutu ilə, Semiqolovıy Mar sərhəd-keçid məntəqəsindən keçməklə və daha sonra Brest, Duyzburq və Antverpen istiqamətində reallaşdırılırdı. Tranzxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun infrastrukturundan istifadə logistika zəncirinin əhəmiyyətli dərəcədə optimallaşdırılmasına imkan yaradıb. Belə ki, yeni marşrut üzrə daşınma xərcləri Şimal dəhlizi ilə müqayisədə daha aşağıdır, tranzit müddətləri isə demək olar ki, eynidir. Tranzitin təxmini müddəti 30 gün təşkil edir.
Bakı 




