İsrail və HƏMAS arasında ABŞ vasitəçiliyi ilə aparılan atəşkəs danışıqları humanitar böhranın kritik həddə çatdığı bir dövrdə baş verir. Müharibənin yaratdığı kütləvi itkilər, infrastrukturun dağılması və mülki əhalinin təhlükəsizliyə çıxışının məhdudlaşması beynəlxalq ictimaiyyətin təzyiqini daha da artırıb.
Prosesə Qətər və Misir kimi regionun təsirli oyunçularının aktiv qoşulması isə diplomatik dinamikanı sürətləndirir.
Bu danışıqların uğurla nəticələnməsi yalnız humanitar fasilə yaratmaqla kifayətlənməyəcək, eyni zamanda Yaxın Şərqdə mövcud güc balansının gələcək konturlarını müəyyən edə bilər.
Atəşkəsin əldə olunması regional güc balansına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a şərh verən politoloq Tural İrfan deyib ki, İsrail və HƏMAS arasında atəşkəsə nail olunması bölgədə sabitliyin yaradılmasına töhfə verəcək:
"Eyni zamanda regionda Türkiyənin üstünlük etməsi və balansın dəyişməsi aktuallaşacaq. Habelə İranın Yaxın Şərqdəki rolunu azaldacaq. Eyni zamanda proksi qüvvələrinin roluna təsir edəcək ki, sülh prosesi artıq onların fəaliyyətini məhdudlaşdıracaq".

Tural İrfan: Atəşkəsin əldə olunması Türkiyə və İsrail arasındakı gərginliyi də azalda bilər
Onun sözlərinə görə, Qətər, Misir və Türkiyənin rolu İsrail - HƏMAS danışıqlarında mühümdür:
"Atəşkəsin əldə olunması Türkiyə və İsrail arasındakı gərginliyi də azalda bilər. Eyni zamanda İran-ABŞ arasındakı müharibə ehtimalını azalda bilər. İsrail ilə HƏMAS arasında təcili və təxirəsalınmaz danışıqlar aparılıb atəşkəsin əldə olunmasına nail olunarsa ümumiyyətlə regiondakı durumun stabilləşməsi ilə yanaşı həm də region ölkələri arasında da normal münasibətlər davam edər".
Həmsöhbətimiz söyləyib ki, hər halda Yaxın Şərqdəki vəziyyətin nizama salınması beynəlxalq təşkilatları da hərəkətə keçirməlidir. Amma onların bu məsələdə ciddi rol almaması danışıqların nəticəsiz, atəşkəsin kövrək ola biləcəyi ehtimalını gücləndirir.
Əli Hüseynov
Bakı 




