Bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfrans keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr olunmuş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak edirlər.
Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik halları müzakirə olunacaq.
Eyni zamanda, bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzindədir.
Konfransda fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu materialların beynəlxalq platformalarda yayılması, kolonializmin təsiri altında yaşamış xalqlarda formalaşan travmatik və psixoloji nəticələrin elmi tədqiqat obyekti kimi araşdırılması məsələləri də gündəmə gətiriləcək.
Bununla yanaşı, rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların virtual sistemləri ilə inteqrasiyası və müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları üçün məlumat əlçatanlığının təmin edilməsi məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, toplanmış materialların rəqəmsal platformalar vasitəsilə təqdim edilməsi akademik və ictimai diqqətin artırılmasına, eləcə də beynəlxalq təşkilatlarla əlaqələndirilməsinə imkan yaradır.
Xüsusilə məlumatların Birləşmiş Millətlər Təşkilatı və onun strukturları – BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi (C-24) və BMT İnsan Hüquqları Şurası ilə sinxronlaşdırılması müstəmləkə ərazilərində baş verən hüquq pozuntularının beynəlxalq səviyyədə diqqətdə saxlanmasına xidmət edəcək.
Toplanmış sənədlər və məlumatlar beynəlxalq təşkilatlarla əməkdaşlıq edən məruzəçilər, ekspertlər və məhkəmələr üçün etibarlı və şəffaf informasiya mənbəyi rolunu oynayacaq.
Bakı 




