20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, suverenlik və dövlətçilik iradəsinin totalitar sovet rejimi tərəfindən zorakılıqla boğulmağa cəhd edildiyi, lakin nəticə etibarilə milli mübarizənin daha da gücləndiyi tarixi mərhələdir.
1990-cı il yanvarın 20-də sovet hərbi birləşmələrinin Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi silahlı müdaxilə beynəlxalq hüququn fundamental prinsiplərinin - yaşamaq hüququnun, siyasi azadlıqların və mülki əhalinin qorunması prinsipinin kobud şəkildə pozulması idi. Bu hadisə faktiki olaraq imperiya idarəçiliyinin hüquqi və siyasi legitimliyinin iflasını nümayiş etdirdi.
Faciənin baş verdiyi ilk günlərdə Azərbaycanın odövrkü rəhbərliyinin aciz və məsuliyyətsiz mövqeyi fonunda Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi siyasi iradə xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla sovet rəhbərliyinin cinayətkar siyasətini açıq şəkildə ifşa etdi, 20 Yanvar hadisələrini hüquqi baxımdan dövlət terroru kimi qiymətləndirdi və Azərbaycan xalqının haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdı. Bu addım həmin dövrün siyasi reallıqları nəzərə alındıqda son dərəcə cəsarətli və prinsipial mövqe idi.
Məhz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə obyektiv hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən qərarla 20 Yanvar hadisələri rəsmi şəkildə sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət kimi tanındı. Şəhidlərin xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsi, Şəhidlər xiyabanının milli müqəddəs məkan statusu alması və 20 Yanvarın Ümumxalq Hüzn Günü kimi qeyd olunması dövlətçilik ideologiyasının mühüm tərkib hissəsinə çevrildi.
Heydər Əliyevin formalaşdırdığı siyasi kursun əsas mahiyyəti milli maraqların qorunması, hüquqi dövlət quruculuğu və tarixi ədalətin bərpası idi. 20 Yanvar faciəsinə verilən hüquqi-siyasi qiymət də bu kursun tərkib hissəsi olaraq Azərbaycan xalqının kollektiv yaddaşını gücləndirdi və müstəqil dövlətin ideoloji əsaslarını möhkəmləndirdi. Bu, eyni zamanda, gələcək nəsillər üçün azadlığın hansı bədəl hesabına əldə edildiyini xatırladan strateji tarixi dərsdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və prinsipial dövlət siyasəti Ulu Öndərin müəyyən etdiyi milli dövlətçilik xəttinin davamıdır. Azərbaycanın güclü siyasi iradəyə, müstəqil hüquqi mövqeyə və regional nüfuza malik dövlət kimi çıxış etməsi 20 Yanvar şəhidlərinin qanı bahasına formalaşan müstəqilliyin real nəticəsidir. Dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi sosial-hüquqi dəstək, milli yaddaşın qorunmasına yönəlmiş siyasi qərarlar bu məsuliyyətin praktiki ifadəsidir.
20 Yanvar faciəsi yalnız matəm deyil, eyni zamanda milli ləyaqətin, siyasi müqavimətin və dövlətçilik iradəsinin simvoludur. Azərbaycan dövləti bu tarixi hadisəyə verdiyi prinsipial hüquqi-siyasi qiymətlə sübut etmişdir ki, xalqın qanı ilə yazılmış tarix heç vaxt unudulmur və dövlət siyasətinin əsas dayaqlarından biri kimi daim qorunur.

Əmrah Mövsümzadə
Bakı 



