• Bakı C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Azərbaycanda uşaqların sosial mediaya çıxışı məhdudlaşdırıla bilər - AÇIQLAMA

CƏMİYYƏT

19 Fevral 2026 | 13:09

Azərbaycanda uşaqların sosial mediaya çıxışı məhdudlaşdırıla bilər - AÇIQLAMA

Bu gün bir çox ölkələrdə uşaqların sosial mediadan istifadəsi qadağandır.

Əvvəllər sadəcə "tövsiyə" xarakteri daşıyan yaş hədləri, artıq bir çox ölkədə dövlət səviyyəsində sərt qanuni məhdudiyyətlərə çevrilib.

Məsələn, Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr 15-16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə və oyun platformalarına girişini ciddi şəkildə məhdudlaşdırır.

Bu qadağaların icrasını təmin etmək məqsədilə artıq platformalarda şəxsiyyət vəsiqəsinin təqdimi və ya biometrik təsdiqləmə kimi sərt nəzarət mexanizmləri tətbiq olunur.

Bəs, Azərbaycanda bu cür məhdudiyyətlər ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu gün dünyada gedən müzakirələr həmin məsələnin nə qədər aktual olduğunu bir daha ortaya qoyur:

“Mövcud proses göstərir ki, bu sahədə ölkəmizdə, xüsusilə sosial media və gənclərlə bağlı istiqamətdə müəyyən mənfi tendensiyalar bizi qabaqlaya bilər. Bu isə artıq konkret addımların atılmasını və zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edir. Çünki məsələ tədricən zərurətə çevrilib və olduqca vacib əhəmiyyət daşıyır. Bir müddət əvvəl də mən bu mövzunu qaldırmış, onun önəminə toxunmuşdum. Hesab edirəm ki, bizdə də bu məsələyə ciddi yanaşmaq lazımdır”.

Ceyhun Məmmədov: Mən təklif etmişdim ki, müvafiq müzakirələr keçirilsin və təqdim olunacaq sənədlərə baxılsın

Parlamentari qeyd edib ki, biz də dövlət səviyyəsində müzakirələr aparmalı və uyğun qərarlar verməliyik:

“Məsələ diqqətdədir. Mən təklif etmişdim ki, müvafiq müzakirələr keçirilsin və təqdim olunacaq sənədlərə baxılsın. Proses sənədin hazırlanmasından və rəsmi şəkildə təqdim edilməsindən asılıdır. Əgər bu istiqamətdə iş davam edərsə, düşünürəm ki, bizdə də məsələyə baxılacaq. Çünki zaman keçdikcə bu problemin yaratdığı çətinliklər özünü daha qabarıq şəkildə göstərəcək. Ona görə də yeni və məqsədyönlü addımların atılması zəruridir”.

Sosioloq Yusif Nəbiyev isə Bakıvaxtı.az-a açıqlamasında əlavə edib ki, bir çox ölkələrin sosial mediaya yaş məhdudiyyəti tətbiq etməsi təsadüfi qərar deyil, çünki, bu artıq “valideyn nəzarəti” mərhələsini çoxdan keçmiş,  struktur müdaxilə tələb edən bir mərhələyə çatmış  problemdir:

“Burada əsas məsələ təkcə təhlükəsizlik yox, həm də uşaqların diqqətinin iqtisadi resursa çevrilməsidir. Bilirsiniz ki, informasiya bolluğu diqqət qıtlığı yaradır. Sosial media platformaları isə məhz bu qıt diqqəti ələ keçirmək üçün qurulub. Uşaq beyni üçün bu, davamlı stimullaşdırma və sürətli mükafat mexanizmi deməkdir”.

Yusif Nəbiyev:  İnformasiya bolluğu diqqət qıtlığı yaradır

Müsahibimiz vurğulayıb ki, Azərbaycanda bu mövzu hələ də əsasən ailə məsuliyyəti kimi təqdim olunur:

“Amma etiraf edək ki, alqoritmlərlə işləyən qlobal platformalara qarşı tək valideyn nəzarəti çox vaxt formal qalır. Uşaqların erkən yaşda fasiləsiz dopamin axınına məruz qalması onların uzunmüddətli diqqət, oxuma, yaradıcılıq və analitik düşünmə bacarıqlarına təsir edir. Nəticədə hər şey sürətli, keçici və səthi olur, dərinlik isə ikinci plana keçir”.

Yusif Nəbiyevin fikrincə, Azərbaycanda da yaş məhdudiyyətlərinin hüquqi və texnoloji mexanizmlərlə gücləndirilməsinə ehtiyac var:

“Düşünürəm ki, uşaqlar üçün onların inkişaf mərhələlərinə uyğun mühitin yaradılması da dövlətin öhdəliklərindəndir və bu öhdəlikləri yerinə yetirmək üçün lazım gələrsə məhdudlaşdırmalar, qadağalar da istifadə oluna bilər. Dövlətin buradakı rolu, əsasən, struktural balansı qorumaqdır. Çünki alqoritmlər uşağın xeyrini düşünmür, onlar sadəcə vaxtı və diqqəti maksimum səviyyədə özündə saxlamağı hədəfləyir. Nəyin bahasına olursa olsun”.

Aynur Babazadə


SON XƏBƏRLƏR

18 Fevral 2026