Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, 20 Yanvar tarixi Azərbaycan Respublikasının müasir tarixində ən faciəli, eyni zamanda, ləyaqətli və məğrur səhifələrdən birini təşkil edir.
36 il əvvəl sovet ordusu tərəfindən Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır yaralandığı və 4 nəfərin itkin düşdüyü diqqətə çatdırılan bəyanatda 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, milli ləyaqət və suverenliyə dair legitim arzularını boğmaq cəhdi idi kimi dəyərləndirilib.
"Lakin bu zorakılıq aktı Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, xalqımızın müstəqilliyini bərpa etmək, Ermənistanın kütləvi deportasiya və işğal siyasətinə qarşı mübarizə aparmaq və öz suveren hüquqlarını tam şəkildə həyata keçirmək əzmini daha da gücləndirdi. 20 Yanvar şəhidlərinin fədakarlığı 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpası üçün təməl rolunu oynadı", - bəyanatda vurğulanıb.
Qeyd edilib ki, 20 Yanvar günü Azərbaycan xalqının nümayiş etdirdiyi vətənpərvərlik, birlik və müqavimət ruhu 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri zamanı öz tarixi missiyasını yerinə yetirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu ərazilərimizi işğaldan azad edərək beynəlxalq hüquqa uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
"Şanlı Zəfərimiz və ondan sonrakı dövrdə Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallıqlar, irəli apardığı sülh və təhlükəsizlik gündəliyi, həyata keçirdiyi irimiqyaslı bərpa və quruculuq fəaliyyətləri, keçmiş məcburi köçkünlərin öz əzəli torpaqlarına qayıdışı xalqımızın sarsılmaz iradəsi və amalının, o cümlədən 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canlarını fəda etmiş bütün qəhrəmanlarımızın uğrunda mübarizə apardığı idealların təntənəsi oldu", - bəyanatda bildirilib.
"Bu hüznlü və bir o qədər də qürurlu gündə 20 Yanvar şəhidlərinin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş bütün qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edir, onların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu şərəfli yolda sağlamlıqlarını itirmiş bütün vətəndaşlarımıza cansağlığı diləyirik.
Xalqımıza qarşı 20 Yanvar kimi insanlığa və beynəlxalq hüquqa sığmayan cinayətlərin bir daha təkrarlanmaması üçün ardıcıl səyləri və məqsədyönlü fəaliyyətləri davam etdirmək əzmimizi bir daha bəyan edirik", - XİN qeyd edib.
Bakı 




