“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağın döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisə ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
Əli Hüseynov
***
15:53
“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq edilməsi ilə bağlı iddia üzrə polis tərəfindən araşdırma aparılır.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, uşağın yaxınları müəssisənin əməkdaşının azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini iddia edirlər. Hadisə ilə bağlı təhlükəsizlik kamerası görüntülərinin də təqdim olunduğu bildirilir.
Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Əli Hüseynov
***
10:55
“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli azyaşlı uşağa qarşı zorakılıq halları qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə uşağın yaxını Balayev Ramin Bakues.az-a şikayət məktubu göndərib.
Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən 2 yaşlı autizm spektrli azyaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb. Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.
Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərdə müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.
Uşağın yaxınları hadisədən sonra uşaqda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.
Uşağın ailəsi günahkarların qanun qarşısında cavab verməsini tələb edirlər.
İrəli sürülən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
















