• Bakı 32° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Hamiləlik qadının həyatında xüsusi bir dövrdür - Flora Hüseynova

CƏMİYYƏT

05 Avqust 2025 | 12:05

Hamiləlik qadının həyatında xüsusi bir dövrdür - Flora Hüseynova

“Hamiləlik hər bir qadının həyatında dəyişikliklərlə dolu xüsusi bir dövrdür. Əvvəllər hamilələrə daha çox dincəlmək tövsiyə edilsə də, müasir tibb artıq fiziki aktivliyin nə qədər vacib olduğunu vurğulayır”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da mama-ginekoloq Flora Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, hər hamiləlik fərdi olduğundan, istənilən məşqə başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşmək vacibdir:

“Fiziki aktivlik hamiləlik dövründə həm ana, həm də körpə üçün bir çox müsbət təsirə malikdir. O, enerjinizi artırır və yorğunluğu azaldır, əhval-ruhiyyənizi yaxşılaşdırır və yuxu keyfiyyətini artırır. Həmçinin, hamiləliklə bağlı tez-tez rast gəlinən şikayətləri, məsələn, bel ağrısı, şişkinlik və qəbizlik kimi problemləri yüngülləşdirir. Düzgün fiziki aktivlik sağlam çəki artımını dəstəkləyir və hamiləlik diabeti riskini azaldır. Ən əsası isə, bu aktivliklər doğuşa hazırlığı artırır, bədəni gücləndirərək doğuş prosesini asanlaşdıra bilər, eyni zamanda doğuş sonrası bərpanı sürətləndirir”.

F.Hüseynova qeyd edib ki, hamiləlikdə seçilə biləcək təhlükəsiz aktivliklərə piyada gəzinti (ən sadə və effektiv), üzgüçülük (oynaqlar üzərində təzyiqi azaldır), hamilələr üçün yoqa və pilates (çevikliyi və balansı artırır) daxildir. Bəzən stasionar velosiped və yüngül güc məşqləri də tövsiyə oluna bilər. Ancaq kontakt idman növlərindən, yıxılma riski yüksək olan fəaliyyətlərdən (xizək sürmək kimi) və bədən istiliyini çox artıran məşqlərdən (sauna, isti vanna kimi) uzaq durmaq lazımdır”. 
Mama-ginekoloq bildirib ki, fiziki aktivlik zamanı bəzi əsas məqamlara diqqət yetirmək vacibdir: 

“Hər şeydən əvvəl, həmişə bədəninizin siqnallarına qulaq asın. Yorğunluq, nəfəs darlığı, baş gicəllənməsi, qarın ağrısı və ya digər narahatedici əlamətlər hiss etsəniz, dərhal məşqi dayandırın və həkiminizə müraciət edin. Bol su için və məşqi mülayim tempdə aparın. Unutmayın ki, hamiləlikdə məqsəd yüksək performans deyil, sadəcə aktiv və sağlam qalmaqdır. Hamiləlikdə fiziki aktivlik, həkim nəzarəti altında edildikdə, həm sizin, həm də körpənizin sağlamlığı üçün çox dəyərli bir addımdır”. 
 


SON XƏBƏRLƏR

04 Avqust 2025