Bu gün əksər insanlar öz ixtisasına uyğun olmayan sahələrdə çalışırlar. Son illər ali məktəblərdə plan yerlərinin əhəmiyyətli dərəcədə artırılması müşahidə olunsa da, bu artım əmək bazarının real tələbatı ilə üst-üstə düşmür.
Belə ki, bitirdiyi ixtisas üzrə iş tapa bilməyən vətəndaş məcburiyyətdən başqa sahələrə üz tutur. Bu isə əksər sahələrdə savadlı kadr çatışmazlığına da yol açır.
Maraqlıdır ki, ali məktəblər real sektora cavab verirmi? İnsanlar nə üçün bitirdikləri ixtisas üzrə iş tapmaqda çətinlik çəkirlər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, əmək bazarında iş tapmaq üçün ali təhsil müəssisələri öz fəaliyyətini buna uyğun qurmalıdır. Təəssüf ki, bu istiqamət hələ tam formalaşmayıb:
"Bu gün universitetlərin laboratoriyaları köhnə dövrdən qalıb. Həmçinin ali təhsil müəssisələri ilə böyük təşkilatlar və idarələr arasında əməkdaşlıq zəifdir, əmək bazarı məhduddur. Bundan başqa, Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçimində imkanları məhdudlaşdıran qəbul prosesi aparır. Məsələn, bir şəxs gələcəyin hüquqşünası olmağı hədəfləyirsə, DİM-in qoyduğu qrup seçimə görə ixtisas seçimindən kənara çıxa bilmir. Bu halda şəxs yığdığı balla hüququ seçə bilmir və məcburiyyətdən başqa sahəyə yönəlir. Nəticə etibarilə əmək bazarında özünə uyğun iş tapa bilmir. Çünki şəxs təhsil almaq xatirinə universiteti bitirmiş olur".

Məzahir Məmmədli: Ali təhsil müəssisələri akkreditasiya qaydalarına uyğun fəaliyyət göstərmir
Ekpsertin fikrincə, bu gün ölkənin əmək bazarında məhdud imkanlar olmaqla yanaşı, hər il məzun olan minlərlə şəxslərin əksəriyyəti növbəti təhsil pilləsi olan magistraturaya maraq göstərmirlər. Əmək bazarı da bunu tələb kimi qoymur. Çünki 2024-2025-ci tədris ili üçün 1200 dövlət sifarişi boş qalıb. Bu, o deməkdir ki, dövlət vətəndaşın təhsil alması üçün pul ayırsa da, magistraturaya həvəs göstərilmir.
"Digər tərəfdən, ali təhsil müəssisələri akkreditasiya qaydalarına uyğun fəaliyyət göstərmir. Yəni, magistratura üçün yer təklif edən ali təhsil müəssisənin o səviyyədə tədris keçən müəllimi, o standarta uyğun laboratoriyası və normal sinif otaqları yoxdur. Bu isə sonda əmək bazarında problemlər yaradır", - deyə müsahibimiz əlavə edib.
M.Məmmədli hesab edir ki, ali təhsil müəssisələri böyük təşkilatlarla sıx əməkdaşlıq etməli, onlarla müqavilələr bağlamalıdır. Ən azından əksər məzun olan şəxslərin həmin təşkilatlarda çalışmasına imkan yaradılmalıdır.
Gülşən Şərif
Bakı 



