Dünyada milyarderlərin sayı rekord həddə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hurun Report" tərəfindən dərc edilən "Hurun Global Rich List" reytinqində bildirilib. Hesabata əsasən, fond bazarının artımı və süni intellektin texnologiyalarının inkişafı milyarderlərin sayının rekord səviyyəyə yüksəlməsinə səbəb olub. Çin digər ölkələrlə müqayisədə daha çox milyarderin yaşadığı ölkə olaraq göstərilib.
Hesabata görə, Çin milyarderlərin sayına görə ABŞ-ni geridə qoyaraq dünyada liderliyini bərpa edib.
"South China Morning Post" qəzetinin yazdığına görə, əvvəlki hesabatın dərcindən bəri Çində milyarderlərin sayı 287 nəfər artaraq son üç ildə yaranmış itkiləri tam kompensasiya edib.
Süni intellekt Çində iki yeni milyarderin meydana çıxmasına səbəb olub: "MiniMax" şirkətindən Yan Tsyuntsze 3,6 milyard dollar, "Knowledge Atlas Technology JSC" (daha çox "Zhipu" adı ilə tanınır) şirkətindən Lyu Debin isə 1,2 milyard dollar sərvətə malikdir.
792 milyard dollar sərvəti ilə İlon Mask siyahıda birinci yerdə qərarlaşıb. Onu 300 milyard dollar sərvətlə Jeff Bezos və 281 milyard dollarla Lerri Peyg izləyir. Mask sərvəti 700 milyard dolları keçən ilk insan olub.
ABŞ 1000 milyarder ilə (ötən illə müqayisədə 130 nəfər çox) ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə 308 milyarderə malik Hindistan gəlir ki, bu da ötən illə müqayisədə 24 nəfər çoxdur. Almaniya 171 milyarder ilə Böyük Britaniyanı qabaqlayaraq dördüncü yerə yüksəlib.
Qlobal miqyasda 114 milyarder süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə bağlıdır. Onlardan 46-sı bu kateqoriyaya ilk dəfə daxil olub və nəticədə süni intellekt yeni milyarderlərin yaranmasının ən böyük mənbəyinə çevrilib.
Şəhərlərin reytinqində Nyu-York 146 milyarder ilə yenə də milyarderlərin dünya paytaxtı olaraq qalır. Şençjen milyarderlərin sayını 47 nəfər artıraraq 132-yə çatdırıb və ikinci yerə yüksəlib. Ondan sonra Şanxay, Pekin və London gəlir.
Milyarderlərin orta yaşı 65 təşkil edib.
Bakı 




