• Bakı 12° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

ƏDV ləğv edildi: Kitablar ucuzlaşacaq?

CƏMİYYƏT

17 May 2022 | 13:56

ƏDV ləğv edildi: Kitablar ucuzlaşacaq?

Xəbər verdiyimiz kimi, mayın 13-dən etibarən kağız və çap məhsullarına tədbiq edilən ƏDV ləğv edilib. Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarla artıq bu məhsullardan 18 faiz ƏDV tutulmayacaq. Bu xəbər, xüsusilə kitabsevərlər üçün sevindirici oldu. Çünki hər kəs ƏDV-nin ləğv olunmasından sonra kitabların ucuzlaşacağını gözləyir.

“Qanun Nəşrlər Evi”nin direktoru Şahbaz Xuduoğlu Bakıvaxtı.az-a bildirib ki, əlbəttə, ƏDV-nin qiymətə birbaşa təsiri var: “Kitabla bağlı tələb olunan bütün xammalların hamısı - kağız, boya, dəmir təbəqə və s. - xaricdən gəlir. Bunlar ƏDV ödəyicisi idilər. Ancaq indi kağızlar ƏDV-dən azad oldu. Yəqin ki, gömrükdə qiymətlər nisbətən ucuz olacaq”.

Onun sözlərinə görə, yenə də 15% rüsum ödəniləcək, amma 18 faiz ƏDV-dən azad olunub ki, bu da daxildəki bazara təsir edəcək. Ş.Xuduoğlu deyib ki, ilkin başlanğıcda bu təsir görünməyə bilər, çünki hazırda satışda olan kitablar istehsal olunanda ƏDV ödəyicisi idi: “Yəqin, bundan sonra istehsalata çıxan kitabların qiymətində endirim olacaq”.

Müsahibimiz bildirib ki, amma, ümumən, dünya bazarı ilə müqayisədə Azərbaycanda çıxan kitabların qiyməti o qədər də baha deyil, əksinə ucuzdur: “Sadəcə, Azərbaycan insanının orta qazancı və yaxud aldığı əmək haqqı aşağıdır. Bu mənada, qazandığı mənfəətlə müqayisə edəndə kitab Azərbaycan oxucusuna baha görünür”.

"XAN" nəşriyyatının direktoru Səbuhi Şahmursoy Bakıvaxtı.az-a bildirib ki, kitab istehsalatında bütün materiallar idxal olduğuna görə, sabit qiymətdən söhbət gedə bilməz: "Adicə kağızın qiyməti 5 ay ərzində 52 faiz bahalaşıb. Əvvəlki illərdə isə bu bahalaşma 5-12 faiz civarında olurdu. Əlbəttə, ƏDV-nin ləğvi qiymətlərə müyyən qədər təsir göstərəcək. Amma bu təsir ucuzlaşmaya yox, ən yaxşı halda bahalaşmanın kəskinliyinin qarşısının alınmasına səbəb ola bilər”.

Onun dediyinə görə, bütövlükdə dünyada infilyasiya və bahalaşma paralel şəkildə, yüksələn xətt üzrə irəliləyir. Bu isə xammal və materialların bahalaşmasına, eləcə də alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. “Ona görə də bütün ümidləri ƏDV-nin ləğvinə bağlamaq doğru olmaz”, - deyə Səbuhi Şahmursoy əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

07 May 2024