• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gözdən uzaq, könülə yaxın... - Etibar Cəbrayıloğlu yazır

CƏMİYYƏT

16 Iyun 2022 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

Gözdən uzaq, könülə yaxın... - Etibar Cəbrayıloğlu yazır

Şair Səbuhi Vəliyevi tanıyırsınızmı? Onun şeirlərindən oxudunuzmu heç? Deyəsən, bir az çətin sual oldu. Təxminən hər beş nəfərdən üçünün bədii ədəbiyyat nümunələri yaratmağa cəhd etdiyi məmləkətdə bütün şair və yazıçıları əzbər tanımaq imkansız. Yazılan və qalaq-qalaq kitablara sığmayan əsərlərin hamısını oxumaq da təbii ki, mümkün deyil.

Səbuhi Vəliyev kimi istedadlı söz adamının bu günə qədər az tanınmasına görə kimi qınayaq? İnformasiya bolluğunda labirintə düşmüş kimi azıb qalan özümüzü, yoxsa Bakıdakı redaksiyaların qapısını heç vaxt döyməyən, özünü reklamdan, təbliğdən uzaqda saxlayan şairi? Bəlkə adına elə sadəcə qismət deyək?

Səbuhi Vəliyev paytaxtdan təxminən 235 kilometr aralıda, Ucarda yaşayır və yaradır. Ədəbi aləmdə tanınmaq üçün yaxşı şeir yazmaqdan başqa heç bir addım atmayan bu həqiqi söz adamını haqq etdiyi daha böyük auditoriyaya tanıtmaq kimi xeyirxah missiyanı istedadlı publisist, “Uembli arayışı”, “Metamorfoz” kitablarının müəllifi, Ali Media Mükafatı laureatı Məzahir Əhmədzadə öz üzərinə götürüb. Tanınmış jurnalist baş redaktor müavini olduğu “Ədalət” qəzetində ötən il ilk dəfə oxucuları istedadlı şairin şeirləri ilə baş-başa buraxıb. Məzahir Əhmədzadə “Əllərdə...ölüm bileti” adlı təqdimatında təxminən 50 il dostluq münasibətində olduğu şair haqqında belə yazır: “... Görən hansı səbəb onun mümkün tanınmağını ömrünün gənclik, cavanlıq illərindən qoparıb uzaqlara apardı? Ancaq o, mənim üçün hələ də 21, 22, 23 yaşlarında qalib. Əlimə keçirdiyim bu gözəl şeirləri ilə...

... Öz müşahidələrimə və həm də eşitdiyimə görə, bu yaşa qədər bircə nəfərin də xətrinə dəyməyən bu ləyaqətli insan dahi Füzulinin bütün yaradıcılığını əzbər bilən mərhum atasının vəsiyyətlərinə sadiq qalaraq onun arzuladığı kimi yaşayır və çalışır. Mərd, xeyirxah, peşəsinə sadiq, həm də şair Səbuhi!”
Ötən bir il ərzində məhz Məzahir Əhmədzadənin təqdimatında Səbuhi Vəliyevin şeirləri “Ədalət”in səhifələrində mütəmadi dərc olunub.
Dərin düşünməkdən, gözəl yazmaqdan başqa bir yol qəbul etməyən Səbuhi Vəliyevin poetik düşüncələri çox maraqlıdır:

Xeyirlə şər həmənkidir,
Nə sonudur, nə ilkidir.
Ay bu gecə mənimkidir,
Ulduzlar səmaya qalsın.

  ... Yuxuda var gəzməyimiz,
    Quruda qar gəzməyimiz.
Ayda dəniz görməyimiz
Bir dəli sevdaya qalsın.

Yamacların yaxasından
Sakit-sakit axar sular.
Yasinimi oxutsunlar
Ölməyim sonraya qalsın.
(“Sonraya qalsın”)

Səbuhi Vəliyevin xəyalında qurduğu aləmdə göylərin güzgüsü dünyanı tamam fərqli göstərir mələyi görən quşlar o mələyin izinə baş qoyaraq göylərdə axşamlayır:

... Allah bilir düzünü-
Onsuz heç kəs, heç zaman
Ömür-gün yaşamadı.
Göylərin güzgüsündə
Bu dünyanın özü də
Özünə oxşamadı.

Dağları aşa-aşa
Qanad çalan quşlar da,
O mələyi görüncə
Qanad salan quşlar da,
İzlərinə baş qoyub
Göylərdə axşamladı.
(“O mələyi görüncə”)

Dünya haqqında poeziyamızda çoxlu sayda şeir və poemalar var. Klassiklərimizin, eləcə də müasir şairlərimizin yaradıcılığında dünya barədə nələr oxumamışıq? Dünyanı öyən də, söyən də, ondan küsüb-inciyən də çoxdur... Səbuhi Vəliyev isə düşünür ki, dünya sadəcə yanımızdan ötüb keçib:

Nə iz qaldı, nə soraq
Quşları da uçub getdi.
Bu dünyanın işinə bax
Yanımızdan keçib getdi.

   ... Dünya isə susa-susa
 Əl uzatdı boğçamıza.
    Tökdü yerə nəyimiz var.
Yerinə boş nağıl qoydu.
Axırda da Əzrayılla
Başımıza ağıl qoydu.
(“Bu dünya”)
Və yaxud,

Bu dünyanın yazı, qışı da,
Duası da, alqışı da.
Min gözəlin baxışı da
Bir gözəlin əlindədir.
Çox şeyi bilir yaradan
Hər sözü böyütmək nədir?
Sağa, sola boylanmadan
Öz-özünü ötmək nədir?

... Ay üfüqdə görününcə
Könül dinir incə-incə.
O dünyanı görməyincə
Bu dünyadan getmək nədir?
(“O dünyanı görməyincə...”)

Böyük fikir adamlarından sayılan Vissarion Belinskinin fikrincə, şairlər həqiqəti sübut etmir, onu göstərirlər. Şair Səbuhi Vəliyevin əziz dostu, sirdaşı Məzahir Əhmədzadəyə həsr etdiyi “Çarmıxla barış” şeiri bu baxımdan xarakterikdir:

Bu dünyanın işdəkləri
Mənə yaman tanış gəlir.
Günlər gedəndə səs-küylə,
Gələndə çox yavaş gəlir.

... Ürəyini sıxma, qardaş,
Adamın başına iş gəlir.
Çəkildiyin bu çarmıxla
Son günündə barış gəlir.

Qüdrətli Ordumuzun tarixi zəfəri ilə başa çatan Vətən savaşından bəhs edən, torpaqlarımızın azad olunması yolunda canlarından keçən şəhidlərə, qələbə sevincini dadan qazilərə həsr edilən çoxlu sayda şeir və poemalar qələmə alınıb. Yazılanların hamısını bədii sənət nümunəsi saymaq obyektivlikdən kənar olar. Söhbət bitkin poeziya nümunələrindən gedirsə o zaman Səbuhi Vəliyevin öz şəhid oğluna toy edən anaya yazdığı “Mələkdi-gözü yaşlı” şeiri xüsusi qeyd edilməlidir:

... Bu dünyanın işinə bax,
  Gedən gedir, gələn gəlir,
   Bu nə işdir, görən Allah
   Bəysiz toya
   Mələk özü gəlin gəlir.

... Ürək dolu olsa da,
Gözlərdə yaş görmədilər.
Bəylə gəlinin yerini
O günü boş görmədilər.

Belə getməz dünya əlbət
Nə etdisə, qarşılığı verildi.
Bir küncdəsə
Ana ilə gəlin xəlvət
Bir-birinin göz yaşını silirdi.

Məsafə baxımdan paytaxtdan uzaq olsa da, şeirləri ilə oxucu könlünə çox yaxın olan bir şairin yaradıcılığına bu yazı vasitəsi ilə qısaca ekskurs etməyə çalışdım.
Şair Səbuhi Vəliyevi tanıdınızmı?


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR