İranın ABŞ ilə dialoq prosesi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidinin nəzarəti altındadır. Bu barədə “Associated Press” mənbələrə istinadla məlumat yayıb.
Agentlik SEPAH komandanının müharibənin dayandırılması üzrə danışıqlarda Tehranın sərt mövqeyinin formalaşmasında əsas rolu oynadığını bildirib.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da Əhməd Vahidi və çevrəsinin təkcə hərbi məsələləri deyil, həm də İranın danışıqlar siyasətini nəzarətə götürdüyünü qeyd edib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Polad Mehdiyev deyib ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dövlət daxilində əsas güc mərkəzinə çevrilib.
Ekspert bildirib ki, müharibə və ya gərginliyin davam etməsi SEPAH-ın təsir imkanlarını daha da gücləndirir:
“SEPAH üçün xarici təhlükə və davamlı qarşıdurma atmosferi daxildə siyasi legitimlik və təsir imkanlarını genişləndirən əsas amillərdən biridir. Çünki müharibə baş verdikdə və ya təhlükəsizliklə bağlı problem davam etdikcə, ölkədə siyasi qərarvermə prosesi hərbi-təhlükəsizlik strukturlarının nəzarətinə keçir".

Polad Mehdiyev, politoloq
Onun sözlərinə görə, bu mülki institutların və islahatçı qanadın zəifləməsi, SEPAH-ın isə həm siyasətdə, həm iqtisadiyyatda, həm də təhlükəsizlik sahəsində dominant mövqeyə yüksəlməsi ilə nəticələnir:
"Bu gün İranda formal olaraq ali hakimiyyət dini rəhbərlik institutunda cəmlənsə də, praktik müstəvidə SEPAH-ın təsiri bir çox strateji qərarlarda həlledici səviyyəyə çatıb. Xüsusilə enerji, müdafiə sənayesi, regional əməliyyatlar və böyük iqtisadi layihələr üzərində nəzarət bu strukturun əlində cəmləşir. Bu baxımdan, bəzi ekspertlər artıq İranda “paralel təhlükəsizlik dövləti” modelinin formalaşdığını qeyd edirlər”.
Analitik əlavə edib ki, İran daxilində müharibə ritorikasının əsas daşıyıcılarının məhz SEPAH-a yaxın çevrələr olması diqqət çəkir:
“Onlar hesab edirlər ki, Qərblə uzunmüddətli kompromis və normallaşma prosesi baş verərsə, bu, SEPAH-ın sistem daxilindəki müstəsna rolunu zəiflədə bilər. Məhz buna görə də görürük ki, SEPAH daha çoxsərt və qarşıdurma yönümlü siyasətin tərəfdarıdır. Çünki davamlı gərginlik onların həm hakimiyyət daxilində mövqeyini, həm də təsir imkanlarını qoruyur və gücləndirir”.
Aydın Baxış
Bakı 




