Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu 17 dekabr 2025-ci il saat 18:00 tarixinədək uzadılıb.
Bu barədə Bakıvaxtı.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri BŞTİ-yə təqdim etməlidirlər.
Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs 16, tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs isə 18 yaşdan aşağı olmamalıdır.
Qeyd edək ki, eksternat imtahanlarının təşkili müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Bakı 



