q
  • Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Elmar Məmmədyarov: “İran Azərbaycana həmişə şübhəylə yanaşacaq” - MÜSAHİBƏ

MÜSAHİBƏ

21 Aprel 2026 | 11:23

Elmar Məmmədyarov: “İran Azərbaycana həmişə şübhəylə yanaşacaq” - MÜSAHİBƏ

İran ABŞ ilə Pakistanın paytaxtı İslamabadda danışıqları davam etdirəcək. Xarici mətbuatda yer alan məlumata görə, bununla bağlı İranın ali lideri Müctəba Xamenei ölkənin nümayəndə heyətinin Pakistana getməsinə razılıq verib.

ABŞ-İran danışıqlarının ikinci raundundan nə gözlənilir? Tərəflər arasında hansısa razılıq əldə oluna bilərmi?

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a müsahibəsində bu, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallarımızı da cavablandırıb.

Müsahibəni təqdim edirik.

- ABŞ-İsrail tandeminin İranla başlatdığı müharibə davam edir. İslamabadda keçirilən görüş effektiv olmadı. Növbəti görüş gözlənilir. Sizcə, Yaxın Şərqdəki proseslər nə ilə nəticələnəcək?

- Belə başa düşürəm ki, İran tərəfi razılıq verib, bu gün İslamabadda görüş baş tutacaq. Atəşkəsi qorumaq görüş üçün müsbət hal ola bilərdi. Atəşkəslə bağlı razılığa gəlib, danışıqları davam etdirsələr, müsbət nəticəyə ümid etmək olar.

- Danışıqların əsas məğzini hansı məsələlər təşkil edir?

- Əsas məsələ İranın nüvə proqramı ilə bağlıdır. Hansı yolla bu məsələni həll edə bilərlərsə, müsbət nəticəyə müəssər olmuş olarlar. Nüvə məsələsi ilə bağlı İran razılığa gəlməsə, ilk növbədə İsrail ABŞ-ni təhrik edərək, müharibəni davam etdirməyə nail olacaq. Ona görə ki, onlar İranın nüvə proqramının dayandırılmasına çalışırlar.

Digər tərəfdən İran rəhbərliyi, SEPAH da nüvə proqramından imtina etmək istəmir. Onlar düşünürlər ki, məlum proqram İrandakı mövcud rejimin saxlanılmasına xidmət göstərə bilər. İslamabad görüşünün nəticələrini gözləmək lazımdır. Bundan sonra həqiqətə yaxın şərhlər vermək olar.

- Azərbaycan da müharibə gedən “ocağın” yanındadır. Bu “istiliyin” dalğası bizi də vura bilərmi?

- Azərbaycan üçün İran önəmli ölkədir. Qonşu ölkələrlə nə qədər isti münasibətlər saxlaya bilsən, bir o qədər yaxşıdır. İlk növbədə yaxın qonşuluq hər bir ölkənin iqtisadiyyatı və təhlükəsizliyi üçün müsbət haldır. Yaxşı qonşuluq siyasəti həyata keçirmək arzuolunandır. Amma biz bildirik ki, İranda rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq, onlar Azərbaycana çox böyük şübhə ilə yanaşırlar, yanaşacaqlar. Orada 30 milyon azərbaycanlı yaşayır. Bu gün güclü və müstəqil Azərbaycan İranın daxili siyasəti baxımından riskli görünür. Yəni İran bunu daim belə görürür. Azərbaycana şübhə ilə yanaşır. Fərqi yoxdur orada hakimiyyətə şah gələcək, ya mollalar qalacaq və ya SEPAH-ın adamı gələcək. Onlar Azərbaycana böyük şübhə ilə yanaşacaqlar. Azərbaycan da bunu bilir. Bunu tam şəkildə başa düşürük. Buna rəğmən çalışmalıyıq ki, İranla xoş qonşuluq siyasəti aparaq.

- Yaxın Şərqdəki müharibə Rusiya-Ukrayna savaşını arxa plana atdı sanki. Ukrayna prezidenti Volodimir Zelenski də mütəmadi çağırışlar edir  ki, ABŞ-nin diqqəti Yaxın Şərqə yönəlib, Ukrayna unudulub. Sizə də elə gəlmirmi ki, Ukraynanı Rusiyanın “pəncəsinə” verib, tərk etdilər?

- Buna inanmıram. 4 ildir, müharibə davam edir. Dünya bu savaşdan yorulub, amma digər yandan ABŞ böyük ölkədir, hər yerdə öz maraqlarını qoruyur. Rəsmi Vaşqinton Ukrayna-Rusiya müharibəsində də maraqlarını təmin edənə qədər Kiyevə dəstəyini davam etdirəcək. ABŞ istəyər ki, tezliklə atəşkəsə nail olsun, amma indiki halda çıxış yolu görmürəm. Çünki Rusiya Luqansk, Donetsk, Mariupulu öz konstitusiyasına salıb. Belə olan halda sülh sazişindən danışmaq çətindir. SSRİ vaxtından Yaponiya ilə Rusiya 4 adanın üstündə indiyədək sülh sazişi imzalaya bilməyiblər. Hansı əsasla onlar atəşkəsi qəbul edə bilər? Rusiya bunu istəyə bilər, amma onların  tələbləri ondan ibarətdir ki, Ukrayna razılıq versin ki, Luqansk, Donetsk, Mariupul artıq Rusiyanın əraziləridir. Amma indiki zamanda Ukrayna rəhbərlyii bunu qəbul edə bilməz. Ərazi bütövlüyü məsələsi referendum məsələsidir. Bu, konstitusiyada belə yazılıb. Prezident belə qərar qəbul edə bilməz, məsələ referenduma çıxarılmalıdır. Referenduma çıxarılsa, Ukrayna xalqı buna müsbət yanaşacaq? İnanmıram.

- Həm Rusiya-Ukrayna, həm də Yaxın Şərdəki proseslər iqtisadi qabarmalar və çəkilmələr yaradır. Bu dalğa Azərbayana da təsir göstərə bilərmi? Düzdür, bir yandan neft bahalaşır, bu, Azərbaycanın büdcəsi üçün yaxşıdır, başqa bir tərəfdən ərzaq bahalaşır, inflyasiya artır...

- Düzdür, inflyasiya əmələ gələ bilər və əmələ gəlir. Bu dalğadan qorunmaq üçün cürbəcür imkanlar var. İlk növbədə Mərkəzi Bank elə addımlar atmalıdır ki, inflyasiya xalqı maddi gücdən salmasın. Mərkəzi Bankın iqtisadiyyat bloku bu istiqamətdə işini yaxşı qurmalıdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 Aprel 2026