q
  • Bakı 17° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”

MÜSAHİBƏ, İDMAN

16 May 2026 | 00:02

“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”

Misli Premyer Liqasının XXXII turunun "Karvan-Yevlax" - "Qəbələ" oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Futbolçuları oyuna kökləmək çətin idi. Çünki son oyunda uduzmuşduq və liqanı tərk edəcəyimiz dəqiqləşmişdi. Bilirdik ki, çətin matç olacaq.İstəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Bunun üçün imkanlarımız var idi. Amma xırda səhvlərdən rəqib qollar vurdu. Premyer Liqa oyunlarının taleyini kiçik detallar həll edir. Belə səviyyədə hər nüansa diqqət etmək lazımdır. Çox məyusam, amma nə etmək olar? Həyat davam edir. Futbolçulara əziyyətlərinə görə təşəkkür edirəm.

- Oyunun birinci hissəsi sönük keçdi. Lakin fasilədən sonra aktivləşdiniz. Futbolçulara nə dediniz ki, belə oynadılar?

- Birinci yarıda hücumda kəsərsiz oynayırdıq, rəqib müdafiəsi rahat topları alırdı. Fasilədən sonra əvəzetmə etdik və daha yaxşı olmağa başladıq. Amma təəssüflər olsun ki, qol vurduqdan sonra ardıcıl qollar da buraxdıq. Yenə deyirəm, futbolçuları motivasiya etmək çox çətin oldu.

- Klubdakı taleyiniz necə olacaq?

- Onu deyə bilərəm ki, çempionat davam edir və hələ rəhbərliklə konkret danışığımız olmayıb. Liqanın sonunda görüşəcəyik. Hazırda müqaviləm var və işimdəyəm. Vicdanla işimi sona çatdıracağam. Bundan sonra rəhbərliklə görüşümüz olacaq. Daha iddialı olacağıqsa, bu işə varam.

- İddia olmazsa bəs?

- İstəyirəm ki, yenidən Premyer Liqaya qayıdaq. Olmayacaqsa, digər təklifləri dəyərləndirəcəyəm.

- Təklif var?

- İndi danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Əvvəlcə klubla danışacağıq və alınsa, qalacağam.

- Komanda haqda hansı planlarınız var?

- İstəyirəm ki, möhkəm komanda quraq. Bunun üçün imkanlarımız var. Hər şey arzu etdiyimiz kimi olsa, yenidən elitaya qayıda bilərik.

- Demək olar, komanda üçün mövsüm bitib. Digər işlərə başlamağa gecikmirsiniz?

- Qarşıda bir oyun var. Hər futbolçunun müqaviləsi mövsümün sonuna qədər keçərlidir. İşimizi layiqincə görməliyik. Bu gün də futbolçular vicdanla vuruşdular. Son matçda da belə oynamalıyıq. Qalan məsələlər rəhbərlikdən asılı olacaq.

- Komandada I Liqada qalıb, oynamaq istəyən futbolçular var?

- Açığı, öz yanımdan nəsə deyə bilmərəm. Düşünürəm ki, yaxşı təkliflər olsa, onlar da istəyərlər.

- Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundur?

- Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarla münasibətim hər zaman yaxşı olub. Bəzən hansısa oyunçu ilə soyuqluq yarana bilər, o da onun qazandığı şansla bağlıdır. Futbolçularla danışıqlar zamanı istəyirik ki, münasibəti daha yaxşı edək. Ambisiyalı adamam, istəyirəm ki, yaxşı olaq. Karyeramda heç vaxt bu qədər uduzmamışdım, içim yanır. Rəqibin kimliyindən asılı olmayaraq, məğlubiyyəti qəbul edə bilmərəm. Futbolçuları motivasiya edirəm ki, oynayaq, qalib gələk, döyüşək. (Futbolpress.az)


SON XƏBƏRLƏR

15 May 2026