• Bakı 18° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Elnarə Ənsari: İnklüziv şəhər və sosial siyasətlər gücləndirilir

WUF13

20 May 2026 | 16:31

Elnarə Ənsari: İnklüziv şəhər və sosial siyasətlər gücləndirilir

İnklüzivlik, əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial inteqrasiyanın gücləndirilməsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari WUF13 çərçivəsində keçirilən Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masada səsləndirib.

Çıxışda bildirilib ki, Azərbaycanda qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və əlilliyə tibbi yanaşmadan sosial modelə keçid təmin olunub. Qeyd edilib ki, 2018-ci ildə qəbul edilən qanun bərabər hüquqların, reabilitasiya və məşğulluq imkanlarının genişləndirilməsi üçün hüquqi baza yaradıb.

Bununla yanaşı, ölkədə rəqəmsal əlillik qiymətləndirmə sistemi tətbiq olunub və “rəqəmsal əlillik buludu” vasitəsilə proses daha şəffaf və obyektiv şəkildə həyata keçirilir. Bildirilib ki, sosial müavinətlərin bir çoxu artıq vətəndaş müraciəti olmadan avtomatik təyin edilir və bu təcrübə beynəlxalq səviyyədə nümunə kimi qəbul olunur:

“Azərbaycanda əlçatan şəhər konsepsiyası da aktiv şəkildə inkişaf etdirilir. 2021-ci ildə qəbul edilən uyğunlaşdırma qaydaları nəqliyyat, kommunikasiya, mədəniyyət və ictimai xidmətlərdə əlçatanlığı məcburi standart kimi müəyyən edib. 2019-cu ildən etibarən isə əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni iş yeri standartları və rəqəmsal monitorinq sistemi tətbiq olunur”.

Çıxışda həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilib. Bildirilib ki, mərkəz universal dizayn və inklüziv xidmətlərin bir məkanda birləşdirildiyi uğurlu modeldir və burada təxminən 1000 nəfər öz bacarıqlarını inkişaf etdirərək iqtisadi imkanlara çıxış əldə edib.

Vurğulanıb ki, Azərbaycanın inklüziv təşəbbüsləri artıq beynəlxalq platformalarda da təqdim olunur və bu təcrübə inklüzivliyin yalnız siyasət deyil, həm də görünürlük və bərabər təmsilçilik məsələsi olduğunu göstərir:

“İnklüziv şəhərlərin qurulması həm siyasi seçim, həm də mənəvi məsuliyyətdir və bu istiqamətdə “heç kimin kənarda qalmaması” prinsipi əsas götürülməlidir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR