Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlaşması ilə əlaqədar olaraq, iştirakçılar tərəfindən hazırlanmış və dünyada artmaqda olan mənzil böhranının həlli istiqamətində səylərin yenilənməsinə çağıran yekun sənəd - "Bakı Fəaliyyətə Çağırış"ın (Baku Call to Action) son versiyası dərc olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə günü məlumat yayılıb.
Genişmiqyaslı və inklüziv məsləhətləşmə prosesi çərçivəsində hazırlanmış "Bakı Fəaliyyətə Çağırış" WUF13 zamanı və Forum ərəfəsindəki aylar ərzində aparılmış müzakirələrdə formalaşdırılmış prioritetləri və tövsiyələri əks etdirir.
Hökumətlərarası razılaşdırılmış saziş funksiyası daşımayan "Bakı Fəaliyyətə Çağırış" Forum çərçivəsində keçirilmiş müzakirələr və irəli sürülmüş təkliflər nəticəsində müəyyənləşdirilən ümumi prioritetləri və praktiki addımları özündə ehtiva edir. Sənəd müxtəlif şəraitlərdə mənzil problemlərinin həlli istiqamətində kollektiv məsuliyyət və daha sıx əməkdaşlıq üçün yol xəritəsi rolunu oynamağı hədəfləyir.
Qiymətləndirmələrə əsasən, dünyada 2,8 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır və sənəddə mənzil təminatı sistemlərinə artan təzyiqlərin aradan qaldırılması üçün bütün idarəetmə səviyyələrində daha qətiyyətli addımların atılmasının vacibliyi vurğulanır.
"Bakı Fəaliyyətə Çağırış"ın əsas ideyalarından biri ondan ibarətdir ki, mənzil məsələsi yalnız ev tikintisi kimi qiymətləndirilməməlidir. Sənəd torpaq istifadəsi, infrastruktur, nəqliyyat, ictimai xidmətlər və iqtisadi imkanlarla daha sıx əlaqələndirilmiş mənzil sistemlərinin formalaşdırılmasına çağırır.
WUF13 çərçivəsində keçirilən müzakirələrdə dəfələrlə vurğulanıb ki, mənzil böhranı qiymət artımı, torpaq spekulyasiyası, məcburi köçürülmə, zəif idarəetmə sistemləri və iqlim dəyişiklikləri də daxil olmaqla bir-biri ilə əlaqəli amillərlə şərtlənir. "Bakı Fəaliyyətə Çağırış"da qeyd olunur ki, bu problemlərin həlli parçalanmış yanaşmalardan imtina edilərək daha kompleks və insan yönümlü həllərə keçidi tələb edir.
Sənəddə mənzil və iqlim dəyişiklikləri arasında güclənən qarşılıqlı əlaqəyə də geniş yer ayrılır. Bildirilir ki, mənzil baxımından ən həssas əhali qrupları çox vaxt daşqınlar, ekstremal istilər və ekoloji deqradasiya da daxil olmaqla iqlim risklərinə ən çox məruz qalan təbəqələrdir.
"Fəaliyyətə Çağırış" təbiət yönümlü həllər, mövcud mənzil fondunun modernləşdirilməsi və renovasiyası, icma səviyyəli təşəbbüslər və təbii fəlakətlərə hazırlığın gücləndirilməsi kimi yanaşmalar vasitəsilə iqlimə dayanıqlı mənzil sistemlərinə investisiyaların artırılmasını tövsiyə edir.
Sənəd problemlərin sadalanması ilə kifayətlənməyərək icra mexanizmlərinə və ortaq məsuliyyətə xüsusi diqqət ayırır. Burada çoxsəviyyəli idarəetmənin gücləndirilməsinə, maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsinə, məlumatlara çıxışın yaxşılaşdırılmasına, yerli hakimiyyət orqanlarına dəstəyin artırılmasına, eləcə də icmaların yerində həlləri həyata keçirmək imkanlarının genişləndirilməsinə çağırış edilir.
WUF13 çərçivəsində aparılan müzakirələrdə qeyd olunduğu kimi, bir çox həll yolları artıq dünyanın müxtəlif şəhərlərində, icmalarında və tərəfdaş qurumlarında hazırlanır. Bakı Fəaliyyətə Çağırışı bu təcrübəni birləşdirməyi və Forum başa çatdıqdan sonra onun kollektiv fəaliyyətə çevrilməsini təşviq etməyi qarşıya məqsəd qoyur.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunub.
Forum çərçivəsində 579 sessiya keçirilib," Urban Expo" sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin nümayəndələrini bir araya gətirib.
Forumun əsas yekunlarından biri "Bakı Fəaliyyətə Çağırış" sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub. Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli idarəetmənin, investisiyaların və icmaların iştirakının gücləndirilməsinə çağırış edilir.
Bakı 




