6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən hərbi qələbə deyil, həm də regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm tarixi hadisədir. 30 ilə yaxın davam edən işğala son qoyulması Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün bərpasına yol açıb, Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu baxımdan 2020-ci il Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Uzun illər ərzində Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində yaşayış məntəqələri dağıdılıb, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin salınıb. Şəhər və kəndlər, tarixi və dini abidələr, qəbiristanlıqlar və mədəni irs nümunələri ciddi şəkildə dağıntılara məruz qalıb. İşğal dövründə baş verən hadisələrin yalnız Azərbaycan cəmiyyətinə deyil, beynəlxalq ictimaiyyətə də çatdırılması ölkəmizin informasiya siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
44 günlük müharibə Azərbaycanın hərbi gücünü və siyasi iradəsini nümayiş etdirməklə yanaşı, illər ərzində formalaşmış status-kvonu da dəyişdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması isə regionda yeni siyasi reallıqların əsasını qoydu.
Bu Zəfərin dünya ictimaiyyətinə çatdırılması yalnız müharibənin gedişi və nəticələri barədə məlumat verməklə məhdudlaşmır. Azərbaycanın haqq mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, işğalın nəticələrinin göstərilməsi, Ermənistan tərəfindən törədilmiş cinayətlərin sənədləşdirilməsi və beynəlxalq hüquqi müstəvidə gündəmə gətirilməsi də bu prosesin mühüm hissəsidir.
Xüsusilə Xocalı faciəsi, dinc əhalinin qətlə yetirilməsi, yaşayış məntəqələrinin məqsədli şəkildə dağıdılması və işğal olunmuş ərazilərdə mədəni irsin məhv edilməsi ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın informasiya mübarizəsində əsas istiqamətlərdəndir. Bu faktların müxtəlif beynəlxalq platformalarda, media resurslarında, sənədli filmlərdə, nəşrlərdə və rəqəmsal kommunikasiya vasitələrində təqdim edilməsi tarixi həqiqətlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan üçün bu məsələnin digər mühüm tərəfi isə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin dünyaya təqdim edilməsidir. Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda yeni yolların, hava limanlarının, yaşayış məntəqələrinin, sosial obyektlərin və enerji infrastrukturunun yaradılması həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycanın müharibədən sonrakı siyasətinin əsas istiqamətlərindəndir.
Böyük Qayıdış prosesi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onilliklər ərzində doğma torpaqlarından uzaqda yaşayan insanların öz evlərinə qayıtması yalnız sosial və iqtisadi proses deyil, həm də tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun qurulması və insanların təhlükəsiz şəkildə məskunlaşdırılması Azərbaycanın müharibədən sonrakı inkişaf modelinin mühüm hissəsini təşkil edir.
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müasir informasiya texnologiyalarının imkanları da xüsusi rol oynayır. Ənənəvi media ilə yanaşı, sosial şəbəkələr, rəqəmsal platformalar, videomateriallar, sənədli layihələr və beynəlxalq auditoriyaya hesablanmış informasiya resursları vasitəsilə Azərbaycanın mövqeyinin daha geniş auditoriyaya çatdırılması mümkündür. Xüsusilə gənclərin informasiya istehlakında rəqəmsal platformaların rolunun artması bu istiqamətdə yeni yanaşmaları zəruri edir.
Azərbaycanın əldə etdiyi Zəfərin mahiyyətinin gələcək nəsillərə çatdırılması da mühüm məsələlərdən biridir. Tarixi hadisələrin yalnız dərsliklərdə deyil, müasir media və kommunikasiya vasitələrində də obyektiv şəkildə təqdim olunması milli yaddaşın qorunmasına xidmət edir. Vətən müharibəsində şəhid olanların xatirəsinin yaşadılması, qazilərin keçdiyi döyüş yolunun işıqlandırılması və Azərbaycan xalqının Zəfərə aparan tarixi yolunun təqdim edilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Digər tərəfdən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yalnız keçmişin hadisələrindən bəhs etmək anlamına gəlmir. Müharibədən sonra regionda formalaşan yeni siyasi və iqtisadi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, regional əməkdaşlıq imkanları da beynəlxalq ictimaiyyətə təqdim edilməli olan mühüm məsələlər sırasındadır.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi regionda yeni siyasi reallıqların formalaşmasında fəal rol oynayır. Qarabağda aparılan quruculuq işləri, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsi və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın müharibədən sonrakı gündəliyinin əsas istiqamətlərini müəyyənləşdirir.
Bütün bunların beynəlxalq ictimaiyyətə düzgün, faktlara əsaslanan və ardıcıl şəkildə çatdırılması Azərbaycanın informasiya siyasətinin mühüm vəzifələrindən biridir. Çünki hərbi Zəfər qədər, həmin Zəfərin mahiyyətinin, ona gətirib çıxaran tarixi proseslərin və sonrakı inkişafın dünya ictimaiyyətinə doğru izah edilməsi də əhəmiyyətlidir. Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi isə yalnız keçmişə münasibət deyil, Azərbaycanın gələcəyinin formalaşdırılması baxımından da strateji əhəmiyyət daşıyır.
Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfərdən sonra həyata keçirdiyi ardıcıl siyasət, ölkənin beynəlxalq mövqeyinin güclənməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və Azərbaycana qarşı informasiya kampaniyaları ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a danışıb.

Ş.Həsənova bildirib ki, Prezident İlham Əliyevin 2003-cü ildən həyata keçirdiyi siyasətin ardıcıllığı 2020-ci il Zəfərindən sonra da özünü göstərib:
“Cənab Prezident İlham Əliyev 2003-cü ildən bu yana necə əzmli, qətiyyətli və atdığı addımları bir-birinə məntiqi ardıcıllıqla bağlayan siyasət yürütdüsə, 2020-ci ildə əldə etdiyimiz Şanlı Zəfərdən sonra da eyni qətiyyətlə və silsilə addımlarla Azərbaycanın bugünkü mövqeyini formalaşdırmağı bacardı”.
Politoloq Azərbaycanın eyni vaxtda bir neçə istiqamətdə mühüm proseslər həyata keçirdiyini vurğulayıb:
“Bir tərəfdə Azərbaycana qarşı yalanlarla, böhtanlarla dolu aparılan informasiya kampaniyası, Azərbaycanın imicinin zədələnməsinə çalışılması, digər tərəfdə Böyük Qayıdışın icrası mərhələləri, minatəmizləmə prosesinin həyata keçirilməsi, insanların öz doğma yurd-yuvalarına geri dönməsi, digər tərəfdə isə diplomatik müstəvidə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi. Şübhəsiz ki, bunlar heç də asan məsələlər deyil. Azərbaycan Lideri bütün bu tapşırıqların öhdəsindən gəlməyi bacarır”.
Müsahibimizin sözlərinə görə, Prezident İlham Əliyevin xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların formalaşmasına və yeni imkanların yaranmasına səbəb olur:
“Cənab Prezident İlham Əliyevin xarici siyasət kursu bu gün beynəlxalq münasibətlər sistemində yeni tendensiyalar formalaşdırır, yeni cığırlar açır. Ona görədir ki, Azərbaycan cazibə qüvvəsi olaraq qlobal aktorlarla münasibətləri inkişaf etdirmək baxımından mərkəzdə dayanır. Qlobal Şimalla, Qlobal Cənub arasında gedən kəskin rəqabətdə Azərbaycan önəmli aktor kimi üzə çıxır”.
Ş.Həsənova son zamanlar bəzi media subyektlərində Azərbaycana qarşı yayılan məlumatlardan da danışıb:
“Məhz belə bir reallıqda təəssüflər olsun ki, son zamanlar bəzi media subyektlərində Azərbaycana qarşı yalan-yanlış informasiyalar yayılır. Azərbaycan dövləti bu məsələlərin önündə qətiyyətlə dayanır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi dərhal bu məsələlərlə bağlı öz qəti və prinsipial mövqeyini ortaya qoyur. Bu, bir tərəfdən Azərbaycan dövləti haqqında imicin yaradılmasıdır. O baxımdan ki, Azərbaycan dövləti, siyasi təsisatlar, media subyektləri, xalq eyni məqsəd ətrafında toplaşıb. Məhz bu səbəbdən Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə bütün sorğularda yüksək səslə etimad göstərdiyini dilə gətirir. Azərbaycanda bütün institutlar koordinasiyalı fəaliyyət ortaya qoyur”.

Politoloq bu informasiyaların bir hissəsinin eyni mərkəzdən idarə olunduğunu düşündüyünü bildirib:
“Təəssüflər olsun ki, bu informasiyaların çoxu eyni mərkəzdən idarə olunur. Çünki istifadə edilən narrativlərə baxdığımız zaman oxşar tendensiyalar diqqəti cəlb edir. Azərbaycanın dünya siyasətində mövqeyi gücləndikcə, bu cür zərbələr endirməklə Azərbaycanı zəiflədə biləcəklərini düşünürlər. Lakin bunların hər biri nəticəsiz qalacaq. Azərbaycan artıq öz maraqları uğrunda qətiyyətlə addımlayan və orta güc statusuna gələn dövlətdir. Şübhəsiz ki, bunun özü regional olmaqla həm də qlobal aktorlarda müəyyən narahatlıq yaradır”.
Ş.Həsənova Azərbaycanın nəqliyyat və logistika imkanlarının ölkənin geosiyasi əhəmiyyətini artırdığını qeyd edib:
“Nəqliyyat və logistikanın, kommunikasiya imkanlarının əsas müzakirə predmeti olduğu, bu amillərin dünya siyasətinin taleyini həll etdiyi bir məqamda baş tutması heç də təsadüfi deyil. Çünki Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşməklə mərkəzi aktor qismində çıxış edir. Şübhəsiz ki, Azərbaycanın mövqeyi, Azərbaycanın sözü nəzərə alınmadan heç bir layihə reallaşa bilməz”.
Onun sözlərinə görə, Azərbaycanın strateji nəqliyyat marşrutlarında yerləşməsi tərəflərin ölkəyə müdaxilə imkanlarını məhdudlaşdırır:
“Bu da tərəflərin müdaxilə etmək baxımından imkanlarını, hətta potensialını belə məhdudlaşdırır. Orta Dəhliz və Trans-Xəzər marşrutunun əsas həlqəsi Azərbaycandır. “Bir kəmər, bir yol” layihəsinə ilk dəstək verən aktorlardan biri də Azərbaycan olmuşdur”.
Politoloq Azərbaycanın yeni dünya nizamında öz mövqeyini dəqiqliklə müəyyənləşdirdiyini vurğulayıb:
“Formalaşan yeni dünya nizamında ənənəvi aktorlara rəqib olaraq yeni güclərin meydana çıxması və Azərbaycanın bu güc balansında yerini dəqiqliklə müəyyənləşdirməsi, şübhəsiz ki, belə məkrli qüvvələri yenidən canlandırır. Müəyyən ölkələr arasında siyasi və geostrateji münasibətlərin dərin qatlara malik olması Azərbaycana qarşı aparılan siyasətdə bəzi koordinasiyaları da üzə çıxarır. Azərbaycan dövləti isə bu məsələlərə təmkinlə yanaşır”.
Ş.Həsənova Azərbaycanın yalnız reaksiya verməklə kifayətlənmədiyini, proaktiv siyasət həyata keçirdiyini bildirib:
“Əsas məsələ ondan ibarətdir ki, biz sadəcə reaksiya verməklə kifayətlənmirik, həm də dövlət başçımız bu məsələdə proaktiv siyasət yürüdür. Məhz bunun nəticəsidir ki, Azərbaycanda keçirilən bütün beynəlxalq toplantılarda, hətta dövlət başçımızın iştirak etdiyi mühüm səfərlərdə biz bütün həqiqətlərimizi diqqətə çatdırmağı bacarırıq. Bu isə şübhəsiz ki, güclü olmağımızdan qaynaqlanır”.
Müsahibimiz Böyük Qayıdış prosesinin qarşısında duran əsas məsələlərdən biri kimi minatəmizləmə prosesinə də diqqət çəkib:
“Digər tərəfdə minatəmizləmə məsələsi var. Bu məsələ Böyük Qayıdışa ciddi maneə törədən amillərdən başlıcası olduğundan Azərbaycan dövləti bu məsələyə də ilk gündən həssaslıqla yanaşdı. Təəssüflər olsun ki, Ermənistan dəqiq xəritələri bizə verməkdən imtina etdiyi üçün bu prosesə ciddi şəkildə maneə yaratdı. Həm zaman, həm də maddi imkanlar baxımdan Azərbaycana böyük zərər dəydi. Çünki bu, kifayət qədər resurs və zaman tələb edən bir məsələdir”.
.jpg)
Ş.Həsənova təhlükəsizlik təmin edilmədən insanların doğma yurdlarına qayıdışının və həmin ərazilərin inkişafının mümkün olmadığını qeyd edib:
“Təbii ki, insanlar öz doğma yurd-yuvalarına geri qayıdarkən onlar üçün əsas olan məsələ təhlükəsizlik amilidir. Çünki təhlükəsizlik təmin edilmədən heç bir perspektiv və inkişaf ola bilməz. Biz torpaqlarımızı minalardan nə qədər tez təmizləməyi bacarsaq, o zaman insanların orada daha effektiv fəaliyyət göstərməsinə, daha geniş ərazilərdən istifadə etməsinə şərait yaratmış olacağıq. Bu isə şübhəsiz ki, Böyük Qayıdışın sürətini artıracaq”.
Politoloq Ermənistanın mina xəritələri ilə bağlı mövqeyinin prosesə maneə yaratdığını bildirib:
“Ermənistan həm xəritələri təqdim etmədi, qeyri-dəqiq informasiya verdi, həm də ümumiyyətlə informasiya verməkdən boyun qaçırdı. Bu isə şübhəsiz ki, ondan xəbər verir ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına maksimum zərbə endirmək yolu məqsədyönlü şəkildə tutulmuşdu”.
Ekspert Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən də danışıb:
“Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Tikinti, kommunikasiya, bərpa işləri sürətlə gedir ki, bu da insanların öz doğma yurd-yuvalarında layiqli şəkildə yaşaması üçün geniş imkanlar təqdim edir. Çoxsaylı su elektrik stansiyalarının tikilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı ilə bağlı alınan qərarlar bölgənin hərtərəfli inkişafını təmin edəcək”.
Onun sözlərinə görə, Azərbaycanın diplomatik mövqeyinin güclənməsi Qarabağ və Şərqi Zəngəzura xarici investisiyaların axınının sürətlənməsinə də imkan yaradır:
“Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan diplomatik masada gücləndikcə, beynəlxalq əlaqələrini daha da artırdıqca Qarabağ və Şərqi Zəngəzura xarici investisiyaların axını sürətlənir. Bu da şübhəsiz ki, bölgənin həm iqtisadi, həm də siyasi baxımdan möhkəmlənməsi deməkdir”.

Politoloq qarşıdakı dövrdə gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsinin vacibliyini vurğulayıb:
“Qarşımızda yeni bir dövr dayanır. Bu yeni dövrdə gənc nəsil olduqca güclü olmalıdır. Habelə, tarixi yaddaşın daha da möhkəmləndirilməsi istiqamətində əzmlə çalışılmalıdır. Azərbaycan bugünkü statusuna heç də asanlıqla gəlməyib. Odur ki, zamanında Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan siyasi kurs bu gün daha qətiyyətlə davam etdirilməlidir. Gənc nəsil bilməlidir ki, bugünkü Azərbaycanı formalaşdıran Ulu Öndərimiz Heydər Əliyev, bu inkişafı təmin edən isə Müzəffər Liderimiz cənab İlham Əliyevdir”.
Ş.Həsənova Zəfərin qorunub saxlanılmasının da mühüm olduğunu bildirib:
“Çünki Azərbaycanın Zəfərini, mövcud statusunu, Azərbaycan Liderinin fəailiyyətini gözü götürməyən qüvvələr var. Buna görədir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bildirir ki, zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir”.
O, Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsinin vacibliyini qeyd edib:
“Odur ki, Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət, atdığı addımlar tam və şəksiz dəstəklənməlidir. Çünki dövlət başçımız Azərbaycan xalqının rifah içində yaşaması üçün qətiyyətli siyasət yürüdür”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi siyasət regionun gələcək inkişafına da təsir göstərir:
“Azərbaycan Lideri yürütdüyü siyasətlə həm də regionun imicini yenidən formalaşdırır. Zamanında Cənubi Qafqazı münaqişə, müharibə, qarşıdurma regionu olaraq görən qüvvələrə biz artıq əməkdaşlıq perspektivlərini təqdim edirik. Bu isə sadəcə Azərbaycan xalqının deyil, bölgə xalqlarının rifah içində yaşamasına gətirib çıxaracaq. Bu uzaqgörən siyasətin müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir”.
Zeynəb Rzayeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb





