Qazax mahalının yetirməsi Yusif Dursunov Azərbaycan güləş tarixində yeniyetmələr arasında ağır çəkidə ilk Avropa çempionu olaraq adını tarixə yazdırıb.
Bakıvaxtı.az xəbər verir ki, gənc pəhləvan bu uğura Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında imza atıb.
125 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusif Dursunov final görüşündə rusiyalı rəqibi Soslan Qabuyevə qalib gələrək Avropa çempionu titulunu qazanıb.
2006-cı il yanvarın 1-də Qazax mahalının Soyuqbulaq qəsəbəsində anadan olan Yusifin güləşdə ilk müəllimi atası Nurəddin Dursunov olub. O, sərbəst güləşin ilkin sirlərini atasından öyrənib, daha sonra Ağstafa Rayon Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərən mərhum Yusif müəllimin rəhbərliyi altında məşqlərini davam etdirib.
Gənc yaşlarından istedadı və çevikliyi ilə seçilən Yusif müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionatlarında dəfələrlə qalib olub. O, beynəlxalq arenada da bir sıra mühüm nəticələr əldə edib.
Belə ki, Yusif 15 yaşında Macarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb. 2022-ci ildə Rumıniyada, 2023-cü ildə isə Albaniyada keçirilən yarışlarda yeniyetmələr arasında Avropa çempionu olub. Həmin il Türkiyədə keçirilən dünya çempionatında da qızıl medal qazanaraq dünya çempionu tituluna yiyələnib.
İspaniyada keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Yusif 2024-cü ildə Serbiyada təşkil olunan gənclərin Avropa birinciliyində bürünc medala sahib çıxıb.
2025-ci ildə isə İtaliyada keçirilən gənclər arasında Avropa çempionatında gümüş, Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Həmin il Albaniyada keçirilən U-23 yarışında da üçüncü yeri tutub.
2026-cı ilin mayında Slovakiyada gənclər arasında keçirilən yarışda bürünc, U-23 kateqoriyasında isə gümüş medal qazanan Yusif Dursunov iyul ayında karyerasının ən böyük uğurlarından birinə imza atıb.
Qeyd edək ki, Yusif Dursunov hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçi-müəllimlik ixtisası üzrə 4-cü kursunda təhsil alır. O, Azərbaycan milli komandasının heyətində tanınmış mütəxəssislər Arif Abdullayev, Əşrəf Əliyev, Əsgərxan Novruzov, Cəbrayıl Həsənov, Rövşən Hacıyev və Nazim Alıcanovun rəhbərliyi altında məşqlərini davam etdirir.
Maraqlı məqamlardan biri isə Yusifin qazandığı qızıl medalı atası Nurəddin Dursunova hədiyyə etməsidir. Gənc idmançı bu addımı onun güləşdə ilk addımlarını atmasına dəstək olan atasına təşəkkür kimi qiymətləndirib.
Yusif Dursunovun qazandığı nəticələrdən sonra Nurəddin Dursunov "Əməkdar məşqçi" fəxri adına layiq görülüb.
"Qazax" Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, Birliyin üzvləri və Qazax mahalının ziyalıları Yusif Dursunovu Avropa çempionatında qazandığı qızıl medal münasibətilə təbrik ediblər.
Gənc idmançı sərbəst güləşdə qazandığı uğurlara görə "Qazax" Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə "Fəxri Diplom"a da layiq görülüb. Diplomun yaxın günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Yusif Dursunova təqdim olunacağı bildirilib.
Birlik Yusif Dursunovun uğurlarının ictimaiyyətə çatdırılmasında göstərdiyi təşəbbüsə görə İctimai Birliyin üzvü, Əməkdar mühəndis, texnika elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin "Nəqliyyat və logistika" kafedrasının müdiri Qasım Abdullayevə də təşəkkür edib.







