Məktəbə başlamaq uşağın həyatında yeni və mühüm mərhələnin başlanğıcıdır. Yeni mühit, gündəlik rejim, dərs yükü və sosial münasibətlər uşağın həm fiziki, həm də emosional vəziyyətinə təsir göstərə bilər.
Bəs valideynlər övladlarının məktəbə daha rahat uyğunlaşması üçün nələrə diqqət etməlidirlər? Məktəbə başlamazdan əvvəl hansı hazırlıqlar görülməlidir? Uşağın qidalanması necə təşkil olunmalıdır? Xəstəlik əlamətləri olan uşağı məktəbə göndərmək olarmı?
Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova məktəbə başlayan uşaqların sağlamlığı, qidalanması və yeni mühitə adaptasiyası ilə bağlı sualları cavablandırıb.
– Məktəbə başlamazdan əvvəl uşaqların peyvəndlənməsi nə qədər vacibdir?
– Məktəbə başlamazdan əvvəl valideynlərə tövsiyə edərdim ki, övladlarının yaşına uyğun bütün peyvəndlərinin tamamlandığından əmin olsunlar. Peyvəndlər uşaqları bir sıra yoluxucu xəstəliklərdən qoruyur və məktəb mühitində infeksiyaların yayılma riskini azaltmağa kömək edir.
Məktəbdə uşaqlar gün ərzində bir-biri ilə sıx təmasda olduqları üçün yoluxucu xəstəliklərin yayılma ehtimalı da artır. Bu baxımdan, peyvəndlərin vaxtında vurulması yalnız uşağın öz sağlamlığının qorunması deyil, digər uşaqların sağlamlığının müdafiəsi baxımından da əhəmiyyətlidir.
Valideynlər məktəbə hazırlıq zamanı uşağın dərs ləvazimatları və geyimi ilə yanaşı, sağlamlığı ilə bağlı məsələlərə də diqqət yetirməlidirlər. Uşağın məktəbə sağlam və təhlükəsiz başlaması üçün peyvəndlərin yaşa uyğun və vaxtında aparılması mühüm addımlardan biridir.
– Uşaq məktəbə getməkdən imtina edirsə, bunun səbəbi nə ola bilər?
– Uşağın məktəbə getməkdən çəkinməsi və ya imtina etməsi müxtəlif səbəblərlə bağlı ola bilər. Ayrılıq narahatlığı, yeni mühitə uyğunlaşmaqda çətinlik, yorğunluq və yuxu rejiminin pozulması buna səbəb ola bilər. Bəzən isə dərs yükü, müəllim və ya sinif yoldaşları ilə münasibətlər, öyrənmə çətinliyi və sağlamlıq problemləri bu davranışa gətirib çıxarır.
Məktəbə başladıqdan sonrakı ilk həftələrdə qısamüddətli etiraz, ağlama və səhərlər valideyndən ayrılmaq istəməmək çox vaxt adi adaptasiya çətinliyi hesab olunur. Uşaq evdə sakitləşirsə və tədricən məktəb rejiminə uyğunlaşırsa, adətən narahatlığa ciddi əsas olmur.
Lakin bu vəziyyət bir neçə həftədən çox davam edirsə, qarın və baş ağrıları, yuxu və iştah pozuntuları müşahidə olunursa, valideynlər məsələyə xüsusi diqqət yetirməlidirlər. Bu zaman uşağı danlamaq əvəzinə müəllimlə əlaqə saxlamaq və problemin səbəbini birlikdə araşdırmaq lazımdır.
– Uşağın məktəbə uyğunlaşmasını asanlaşdırmaq üçün valideynlər nə etməlidirlər?
– Uşağın məktəbə uyğunlaşması üçün hazırlıq məktəb başlamazdan bir neçə həftə əvvəl aparılmalıdır. İlk növbədə uşağın gündəlik rejimi tədricən məktəb qrafikinə uyğunlaşdırılmalı, yuxu və oyanma saatlarına diqqət edilməlidir. Uşaq kifayət qədər yatdıqda səhər daha rahat oyanır və gün ərzində özünü yaxşı hiss edir.
Uşağı məktəb ləvazimatlarının seçiminə cəlb etmək, çantasını və digər əşyalarını birlikdə hazırlamaq onda məktəbə qarşı maraq və müsbət münasibət yarada bilər. Gedəcəyi məktəbi əvvəlcədən tanıtmaq, imkan daxilində məktəb binasını, sinfi və həyəti göstərmək də yeni mühitə uyğunlaşmanı asanlaşdırır.
İlk günlərdə valideynlərin sakit və dəstəkləyici davranması xüsusilə vacibdir. Uşağı məktəbə yola salarkən həddindən artıq narahatlıq nümayiş etdirmək və tənbehedici ifadələr işlətmək düzgün deyil.
Valideynlər uşağın hisslərini dinləməli, onu suallar verməyə təşviq etməli və məktəbdə yaşadıqlarını bölüşməsinə imkan yaratmalıdırlar. Eyni zamanda, uşağı digər uşaqlarla müqayisə etməkdən də çəkinmək lazımdır.
– Məktəbə başlamazdan əvvəl uşaq hansı bacarıqlara sahib olmalıdır?
– Uşaq məktəbə başlamazdan əvvəl adını deməyi, fikirlərini aydın ifadə etməyi və sadə tapşırıqları yerinə yetirməyi bacarmalıdır.
Valideynlər uşağın ayaqqabı geyinmək, əllərini yumaq və əşyalarını səliqəli saxlamaq kimi gündəlik vərdişləri mümkün qədər müstəqil yerinə yetirməsinə şərait yaratmalıdırlar.
Qələmdən istifadə etmək, rəngləmək, kağız kəsmək və sadə şəkillər çəkmək üçün onunla məşq etmək faydalıdır. Kitab oxumaq, oyun oynamaq və gündəlik söhbətlər uşağın diqqətini, yaddaşını, nitqini və sayma bacarıqlarını inkişaf etdirir.
Uşağa növbə gözləməyi, qaydalara əməl etməyi, yaşıdları ilə mehriban davranmağı və fikirlərini düzgün ifadə etməyi öyrətmək də mühümdür. Valideynlər uşağı tələsdirmək əvəzinə həvəsləndirməli, dəstəkləməli və onun kiçik uğurlarını belə qiymətləndirməlidirlər.
– Məktəbə gedən uşağın qidalanması necə təşkil olunmalıdır?
– Qidalanma məktəb yaşına çatan uşağın böyüməsinə, zehni inkişafına, diqqət və yaddaşına, immunitetinə və dərs zamanı enerji səviyyəsinə birbaşa təsir edir. Əsas məqsəd uşağın kifayət qədər enerji ilə yanaşı, zülal, vitamin və minerallarla balanslı şəkildə təmin olunmasıdır.
Səhər yeməyinin qəbul edilməsi xüsusilə vacibdir. Yumurta, pendir, qatıq, yulaf, tam taxıllı çörək və meyvə yaxşı seçimlərdir.
Ət, balıq, yumurta, süd məhsulları və paxlalılar zülal mənbəyi kimi uşağın böyüməsində mühüm rol oynayır. Gündəlik rasionda müxtəlif çeşiddə tərəvəz və meyvələrə də yer verilməlidir.
Gün ərzində əsas içki təmiz su olmalı, qazlı və şəkərli içkilər mümkün qədər məhdudlaşdırılmalıdır.
Məktəb çantasına sağlam ara yemək qoymaq da faydalıdır. Meyvə, yoqurt və digər uyğun qidalar uşağın dərs zamanı enerji ehtiyacının qarşılanmasına kömək edə bilər.
Hazır qidalar, qəlyanaltılar, şirniyyatlar və meyvə şirələri isə uşağın gündəlik rasionunda əsas qida kimi yer almamalıdır.
– Uşağı xəstəlik əlamətləri ilə məktəbə göndərmək olarmı?
– Məktəbə gedən uşaqlarda xəstəlik əlamətləri müşahidə olunarsa, valideynlər diqqətli olmalıdırlar. Uşağın sağlamlıq vəziyyəti həm onun özü, həm də digər şagirdlərin sağlamlığı baxımından əhəmiyyətlidir.
Əgər uşağın hərarəti 38°C və daha yüksəkdirsə, onu məktəbə göndərmək tövsiyə olunmur. Uşaq hərarətsalıcı dərman qəbul etmədən ən azı 24 saat özünü yaxşı hiss etməlidir.
Güclü öskürək, nəfəsalma çətinliyi, xırıltı, halsızlıq və ya ümumi vəziyyətin pisləşməsi zamanı uşağın evdə qalması və vəziyyətə uyğun olaraq pediatra müraciət edilməsi vacibdir.
Təkrarlanan qusma və ya ishal zamanı, xüsusilə də uşağın maye qəbulunda çətinlik yaranırsa, həkim məsləhəti alınmalıdır.
Gözlərdə irinli axıntı, güclü qızartı və şişkinlik, eləcə də yüksək hərarətlə müşayiət olunan səbəbi bilinməyən səpgilər zamanı da uşağı məktəbə göndərmək olmaz.
Güclü qulaq, boğaz və ya qarın ağrısı kimi uşağın dərsdə iştirakına mane olan simptomlar yarandıqda isə onun vəziyyəti qiymətləndirilməli və zərurət yaranarsa həkimə müraciət edilməlidir.
Pediatrın sözlərinə görə, uşağın məktəbə sağlam başlaması onun tədris prosesində daha rahat iştirak etməsinə və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına kömək edir.





