Sudanda 2023-cü ilin aprelində başlayan müharibə əvvəlcə ordu rəhbəri Əbdülfəttah əl-Burhanla Çevik Dəstək Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında hakimiyyət mübarizəsi kimi görünürdü.
Lakin üç ildən artıq davam edən döyüşlər göstərdi ki, məsələ artıq yalnız Sudanın daxili siyasi böhranı deyil. Xarici dövlətlərin, silah təchizatı şəbəkələrinin, muzdlu döyüşçülərin və regional iqtisadi maraqların prosesə qoşulması müharibəni beynəlmiləlləşdirib. Hazırda Sudan dünyanın ən ağır humanitar böhranlarından birini yaşayır, milyonlarla insan ölkə daxilində və xaricində didərgin düşüb.
Müharibənin beynəlmiləlləşməsi dedikdə xarici orduların açıq şəkildə Sudana daxil olması deyil, tərəflərin kənardan maliyyə, silah, pilotsuz uçuş aparatları, hərbi təlim, logistika və diplomatik dəstək alması nəzərdə tutulur. BMT araşdırmalarında Çevik Dəstək Qüvvələrinin silahlandırılmasında və təminatında BƏƏ, Çad, Liviya, Somali ilə əlaqəli şəxslərin və qurumların iştirak etdiyi bildirilir. Adları çəkilən bəzi dövlətlər bu iddiaları rədd edirlər. Sudan ordusuna isə müxtəlif səviyyələrdə Misir, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən siyasi və ya hərbi dəstək verildiyinə dair məlumatlar mövcuddur.
Xarici aktorların Sudana marağı təsadüfi deyil. Ölkənin Qırmızı dəniz sahilinə çıxışı, mühüm dəniz yollarına yaxınlığı, böyük qızıl ehtiyatları və geniş kənd təsərrüfatı torpaqları onu geosiyasi baxımdan qiymətli edir. Sudan üzərində təsir əldə etmək həm Afrika Buynuzunda mövqelərin gücləndirilməsi, həm də Qırmızı dənizdəki ticarət və təhlükəsizlik proseslərinə müdaxilə imkanı yaradır. Buna görə də bəzi dövlətlər münaqişənin həllindən çox, özlərinə yaxın tərəfin üstünlük qazanmasında maraqlı görünürlər.
Müharibənin xarici müdaxilə nəticəsində dəyişən əsas xüsusiyyətlərindən biri pilotsuz uçuş aparatlarının geniş tətbiqidir. Həm ordu, həm də Çevik Dəstək Qüvvələri uzaq məsafələrdə yerləşən şəhərlərə, hava limanlarına və strateji obyektlərə zərbələr endirə bilir. Çevik Dəstək Qüvvələrinin dron və mürəkkəb silah sistemlərinin idarə olunması üçün xarici, o cümlədən kolumbiyalı hərbi mütəxəssislərdən istifadə etdiyi bildirilir. Bu texnoloji üstünlük uğrunda yarış döyüşləri cəbhə xəttindən çıxararaq xəstəxanaları, bazarları, məktəbləri, elektrik və su infrastrukturunu da təhlükə altına salıb.
Sudandakı qarşıdurmanın beynəlmiləlləşməsi bütün region üçün ciddi risk yaradır. Qaçqın axını Çad, Cənubi Sudan, Misir, Efiopiya və Mərkəzi Afrika Respublikasına əlavə sosial və iqtisadi yük gətirir. Sərhədlərdən keçən silahlar, döyüşçülər və qaçaqmalçılıq şəbəkələri qonşu ölkələrdə də qeyri-sabitliyi gücləndirə bilər. Münaqişənin Qırmızı dəniz hövzəsinə yayılması isə beynəlxalq ticarət yollarına və enerji daşımalarına təsir göstərə bilər. Xarici himayədarların fərqli maraqları vahid vasitəçilik mexanizminin yaradılmasını da çətinləşdirir.
Müharibənin dayandırılması üçün təkcə Sudan daxilində atəşkəs çağırışları kifayət etmir. Silah və maliyyə axınlarının məhdudlaşdırılması, mövcud embarqonun bütün ölkə üzrə genişləndirilməsi və tərəfləri dəstəkləyən xarici aktorlara koordinasiyalı təzyiq göstərilməsi lazımdır. Əks halda hər iki tərəf hərbi qələbənin mümkün olduğuna inanaraq danışıqlardan yayınacaq. Belə vəziyyət Sudanın faktiki parçalanması, ayrı-ayrı bölgələrin silahlı qrupların nəzarətinə keçməsi və ölkənin uzunmüddətli regional proksi müharibənin meydanına çevrilməsi ilə nəticələnə bilər.
Alim Nəsirov




