İtaliyanın ilk qadın Baş naziri Corciya Meloninin rəhbərlik etdiyi hökumət böhran olmadan hakimiyyətdə qalma müddətinə görə yeni rekord müəyyənləşdirib. Meloni keçmiş baş nazir Silvio Berluskoninin ikinci hökumətinin rekordunu (1412 gün) keçsə də, ümumilikdə onu vaxtilə siyasi orbitə çıxaran sələfindən hələ də geridə qalır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANSA agentliyi yazıb.
2001-ci ildə seçilən koalisiya səlahiyyət müddətinin başa çatmasına bir il qalmış kiçik böhranla üzləşsə də, yenidən qruplaşaraq Berluskoninin rəhbərliyi altında beşillik müddəti tam başa vurub. Beləliklə, Berluskoni bütün səlahiyyət müddətini tam başa vuran yeganə baş nazir olub. İndi onun rekordunu səlahiyyət müddətinin başa çatmasına bir ildən bir qədər çox vaxt qalan Meloni təkrarlaya bilər. Amma yerli mətbuatda növbəti parlament seçkilərinin Meloninin istefasından sonra payızda deyil, 2027-ci ilin yazında növbədənkənar keçirilə biləcəyi barədə ehtimallar səslənir.
“İtaliya Qardaşları” partiyasına rəhbərlik edən Meloni müttəfiqləri “Forza Italia” və “Liqa”nın dəstəyi ilə yenidən seçiləcəyinə ümid edir. Bununla yanaşı, mediada İtaliya Respublikasının tarixində ilk qadın baş nazirin prezident, yəni dövlət başçısı postuna da namizəd olmaq niyyətində olduğu bildirilir. Bu vəzifəyə seçilmək üçün onun parlamentdə etibarlı çoxluğa ehtiyacı var.
Hazırkı hökumət mürəkkəb geosiyasi böhranlar - Rusiya-Ukrayna, ABŞ-İran və İsrail-İran müharibələri, Qəzza problemi, enerji daşıyıcılarının bahalaşması, artan inflyasiya və kifayət qədər məhdud büdcə imkanları fonunda fəaliyyətinin nəticələrini qənaətbəxş hesab edir. Müxalifət isə hakim koalisiyanı seçkiqabağı vədlərin heç birini yerinə yetirməməkdə və heç bir islahat həyata keçirməməkdə ittiham edir. Bundan əlavə, Meloni hökuməti məhkəmə-hüquq sistemində islahatlarla bağlı referendumda məğlub olub. Amma bu, Meloninin hakim partiyasının reytinqinə ciddi təsir göstərməyib, reytinq 30 faizdən bir qədər aşağı səviyyədə qalır. Müttəfiqlərinin - “Liqa” və “Forza Italia”nın reytinqləri isə bir qədər aşağıdır, 9-10 faizi keçmir.
Bununla yanaşı, sol-mərkəzçi müxalifət partiyaları birlikdə hakim sağ-mərkəzçi koalisiya ilə təxminən eyni sayda səs toplaya bilər. Ancaq həm daxili, həm də xarici siyasətin müxtəlif məsələlərinə yanaşmalardakı fərqlər səbəbindən mümkün ittifaq məsələsi hələ də açıq qalır. Hər halda, yerli analitiklərin fikrincə, payızdan etibarən ölkə və siyasi qüvvələr seçkiqabağı mərhələyə daxil olacaq və bu seçki kampaniyasının əsas məsələlərindən bəziləri Ukrayna böhranı və Avropanın yenidən silahlanması olacaq.
İtaliyada respublikanın elan edilməsindən bəri 31 baş nazirin rəhbərlik etdiyi 68 hökumət dəyişib.




