Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın məhkəməyəqədərki həbs müddəti daha iki ay uzadılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə siyasətçinin vəkili Emin Xaçatryan məlumat verib.
Onun sözlərinə görə, Tsarukyanın həbs müddətini noyabrın 7-dək uzadıb.
Vəkil bildirib ki, müdafiə tərəfi bir gün əvvəl həbs qətimkan tədbirinin dəyişdirilməsi və siyasətçinin azadlığa buraxılması üçün bütün mümkün əsasları məhkəməyə təqdim edib.
O qeyd edib ki, müdafiə tərəfi məhkəmənin qərarını nəzərdən keçirdikdən sonra Apellyasiya Məhkəməsinə şikayət verəcək. Vəkilin sözlərinə görə, ittiham tərəfinin Tsarukyanın azadlıqda olduğu müddətdə istintaqa hər hansı şəkildə müdaxilə edə biləcəyini iddia etməsi üçün əsas yoxdur.
Qeyd edək ki, iyulun 6-da Ermənistan İstintaq Komitəsi Tsarukyanın evində və onunla əlaqəli əmlaklarda 70-dən çox ünvanda axtarış aparıb. Bundan sonra iş adamı iki aylıq müddətə həbs edilib.
Tsarukyan bir sıra ağır cinayətlərdə, o cümlədən dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasının təşkilində ittiham olunur. O, həmçinin 934 min ABŞ dolları məbləğində dələduzluq və mənimsəmə, qanunsuz ovçuluq və dövlətə 81 min dollardan çox ziyan vurmaqda ittiham edilir. Sonradan ittihamların sırasına şantaj və çirkli pulların yuyulması da əlavə edilib.
Murad İsmayıl




