• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Cəbhədə eskalasiya, masada yeni cəhd: Vaşinqton sülh düsturunu tapa biləcək? 

SİYASƏT

04 Sentyabr 2026 | 14:20

Cəbhədə eskalasiya, masada yeni cəhd: Vaşinqton sülh düsturunu tapa biləcək?

Rusiya–Ukrayna müharibəsində diplomatik fəallığın artmasına baxmayaraq, hərbi qarşıdurma səngimir. Sentyabrın 3-də Rusiyanın Kiyevə hücumu nəticəsində biri uşaq olmaqla 10 nəfər yaralanıb, yaşayış binasına ciddi ziyan dəyib və paytaxtın bir həftədən artıqdır ardıcıl hücumlara məruz qaldığı bildirilib. Eyni zamanda tərəflərin uzaqmənzilli hava zərbələri, Qara dənizdə limanlara və gəmilərə hücumları intensivləşib. Ukrayna Qara dənizdə mülki obyektlərə qarşılıqlı hücumların dayandırılması təklifini üçüncü tərəf vasitəsilə Rusiyaya çatdırsa da, hələlik razılaşma əldə olunmayıb.  

Bu fonda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın günlərdə həm Moskvaya, həm də Kiyevə səfər edəcəyi açıqlanıb. Vladimir Putin sülh sazişinin mümkün olduğunu bildirib, Volodimir Zelenski isə ABŞ və Avropa ilə birlikdə atəşkəs, Donbasda üçüncü tərəfin idarə edəcəyi azad iqtisadi zona və gələcək təhlükəsizlik mexanizmlərinə dair təkliflər hazırladıqlarını deyib.

Bununla yanaşı, Almaniyada Ukrayna üçün 5 mindən çox uzaqmənzilli zərbə PUA-sının istehsalına başlanması Qərbin hərbi dəstəyinin də davam etdiyini göstərir. Beləliklə, bir tərəfdə sülh mesajları və diplomatik səfərlər, digər tərəfdə isə silahlanma və qarşılıqlı hücumlar paralel şəkildə genişlənir. Mövcud vəziyyəti və danışıqların mümkün nəticələrini politoloq Züriyə Qarayeva ilə müzakirə edirik. ⁠

– ABŞ nümayəndələrinin həm Moskvaya, həm də Kiyevə səfəri real razılaşmaya yol aça bilərmi?

– Bu səfərlər Vaşinqtonun tərəflər arasında məkik diplomatiyasına başladığını və danışıqları yenidən siyasi gündəmin mərkəzinə gətirmək istədiyini göstərir. ABŞ nümayəndələrinin eyni proses çərçivəsində hər iki paytaxta getməsi mövqeləri vahid diplomatik xətt üzrə müqayisə etməyə imkan verə bilər. Lakin əsas ziddiyyətlər ərazi, təhlükəsizlik təminatları, sanksiyalar və Ukraynanın gələcək geosiyasi istiqaməti ilə bağlıdır. Ona görə də ilk mərhələdə hərtərəfli sülh sazişindən daha çox məhdud atəşkəs, əsir mübadiləsi və müəyyən obyektlərə hücumların dayandırılması real görünür. Tramp administrasiyası sürətli siyasi nəticə istəyir, amma müharibənin dörd ildən artıq davam etməsi tərəflər arasında etimadı demək olar ki, aradan qaldırıb. Səfərlərin uğuru müsbət bəyanatlardan deyil, Moskva və Kiyevin vasitəçilərə konkret və icra edilə bilən təkliflər təqdim etməsindən asılı olacaq.

– Putinin sülh sazişinin mümkünlüyü barədə açıqlaması həqiqi hazırlıq siqnalıdırmı?

– Putinin sülh imkanının mövcudluğunu açıq şəkildə etiraf etməsi diplomatik baxımdan müsbət mesaj sayıla bilər. Bununla belə, o, problemin həllinin Rusiya və Ukraynadan asılı olduğunu deyərək məsuliyyəti hər iki tərəfin üzərinə bölür və özünə geniş manevr imkanı saxlayır. Moskva bu mövqe ilə Tramp administrasiyasının, Çinin və digər vasitəçilərin qarşısında sülhə mane olan tərəf kimi görünmək istəmir. Ancaq Rusiyanın Ukrayna şəhərlərinə hücumları davam etdirməsi və ərazi ilə bağlı maksimalist tələblərini qoruması həmin açıqlamanın səmimiliyi barədə suallar yaradır. Real dönüş yalnız Moskvanın yoxlanıla bilən atəşkəs mexanizminə razılıq verməsi və ərazi tələblərində müəyyən yumşalma göstərməsi ilə mümkün olacaq. Bu addımlar atılmayana qədər Putinin mesajını tam sülh hazırlığından daha çox taktiki diplomatik gediş kimi qiymətləndirmək mümkündür.

– Kiyev hansı şərtlər daxilində kompromisə gedə bilər?

– Ukrayna üçün işğal edilmiş ərazilərin Rusiya torpağı kimi hüquqi tanınması ən ciddi qırmızı xətlərdən biridir. Bununla belə, güclü təhlükəsizlik təminatları müqabilində mövcud təmas xətti boyunca müvəqqəti atəşkəs və ərazi məsələsinin sonrakı danışıqlara saxlanılması müzakirə oluna bilər. Kiyevin hazırladığı təkliflərdə atəşkəslə yanaşı, Donbasda üçüncü tərəfin idarə edəcəyi azad iqtisadi zona ideyasının yer alması alternativ formul axtarıldığını göstərir. Bu halda kompromis əsas prinsiplərdən imtina şəklində deyil, mübahisəli məsələlərin həlli ardıcıllığının dəyişdirilməsi formasında ortaya çıxa bilər. Ukrayna Qərbin hərbi dəstəyinin və təhlükəsizlik zəmanətlərinin davam etməsini istəyir, Rusiya isə Kiyevin Qərb strukturları ilə hərbi əlaqələrinin məhdudlaşdırılmasına çalışır. Mümkün razılaşma ərazilərin yekun statusunu təxirə salan, atəşkəsə beynəlxalq nəzarət yaradan və sanksiyaların yumşaldılmasını öhdəliklərin icrasına bağlayan mərhələli model ola bilər.

– Döyüşlərin intensivləşməsi və Avropanın Ukraynaya yeni silahlar verməsi sülh təşəbbüsünə necə təsir göstərəcək?

– Almaniyada Ukrayna üçün minlərlə uzaqmənzilli PUA-nın istehsalı Avropanın Kiyevi uzunmüddətli müharibə ehtimalına hazırladığını göstərir. Bu dəstək Ukraynanın hərbi müqavimətini və danışıqlardakı mövqeyini gücləndirsə də, Moskvanın Qərbin niyyətlərinə olan etimadsızlığını artırır. Rusiya belə layihələri Avropa dövlətlərinin qarşıdurmada iştirak səviyyəsinin yüksəlməsi kimi təqdim edərək Almaniya və digər ölkələrlə münasibətləri daha da sərtləşdirə bilər. Kiyevə davam edən hücumlar isə tərəflərin diplomatik mərhələyə keçməzdən əvvəl cəbhədə daha əlverişli mövqe qazanmağa çalışdıqlarını göstərir. Hərbi təzyiq və diplomatiya eyni vaxtda davam edə bilər, lakin ağır nəticəli istənilən yeni hücum danışıqları yenidən dayandıra bilər. ABŞ təşəbbüsü yalnız atəşkəsə nəzarət, pozuntuya görə məsuliyyət və Ukraynanın təhlükəsizliyi üzrə aydın mexanizm yaradıldığı halda müharibədə real dönüş nöqtəsinə çevrilə bilər.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026