Nepalda baş verən dağıdıcı daşqınlardan 9 gün sonra xilasedicilər yerin altında qalan iki işçini sağ vəziyyətdə aşkarlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, işçilər Trişuli 3A su elektrik stansiyasının bəndində palçıq və dağıntılarla dolu tuneldə qalıblar. Onlar tunelin təxminən 170 metr dərinliyində aşkarlanıblar.
Xilas edilənlər 45 yaşlı usta Sanjay Şah və layihə meneceri Kabir Maharjandır. Şah əvvəlcə palçığın içərisindən huşsuz vəziyyətdə çıxarılıb.
Xilas edildikdən sonra Şahın əsgərlərə ilk sualı “Bu gün hansı gündür?” olub.
Sanjay Şah daşqın zamanı onlarla işçi ilə birlikdə idarəetmə otağında olduğunu bildirib. O, həmkarlarını xəbərdar etməyə və onların tuneldən çıxmasına kömək etməyə çalışdığını, lakin özünün çıxa bilmədiyini deyib.
İşçi 9 gün ərzində tam qaranlıqda qalıb. O, bu müddətdə dualar və mantralarla özünü sakitləşdirdiyini, həmçinin tuneldə ilişib qalan digər insanların səslərini eşitdiyini söyləyib.
Hər iki işçi tibbi yardım üçün Katmandudakı xəstəxanaya aparılıb. Şahın vəziyyətinin stabil olduğu, Maharjanın isə reanimasiya şöbəsində müalicə aldığı bildirilib.
Murad İsmayıl




