“Biz neçə verilişdir Elza xanım haqqında xoş sözlər danışırıq. Gözəl insan,dost, yaxşı bəstəkar, müğənni olduğunu deyirik. Amma şairliyini bəyənmədiyimizi də qeyd edirik. Bizim fikrimizə görə, o, şairlik eləməsə yaxşıdır”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında meyxanaçı Mehman Əhmədli deyib.
Meyxanaçı Əməkdar artist Elza Seyidcahanın söz ustadları haqqında danışdıqlarına sərt reaksiya verdi: “Biz onun yaxşı işlərindən çox danışırıq. Amma Elza xanım neçə vaxtdır yapışıb meyxanadan. Meyxananı təhqir edir, aşağılayır. Elza Seyidcahan bilsin ki, meyxana dünyada ancaq Azərbaycanda var. Bunun çox gözəl təmsilçiləri, gözəl sənətkarları var”.
Elza Seyidcahanın meyxanaçıların söyüş və təhqirdən istifadə etdiyini bildirməsinə də biganə yanaşmayan Mehman Əməkdar artisti diqqətli olmağa, meyxanaçıları tənqid etməməyə səslədi: “O harada görüb ki, meyxana pis məclislərdə deyilir? Meyxana elə məclislərdə deyilir ki, Elza xanım heç elə məclislərdə olmayıb. Dəqiq deyə bilmərəm ki, bundan sonra ola biləcək, ya yox. Biz dəfələrlə prezidentin qarşısında meyxana demişik. Şəxsən mən 5 dəfə cənab prezidentin olduğu tədbirdə olmuşam, bizimlə görüşüb”.
Meyxanaçı Əməkdar artistə sonuncu xəbərdarlığını da etdi: “Hər sənətin yaxşı təmsilçisi də var, pisi də də. Elza xanım niyə ancaq pislərdən danışır? Ona qalsa, mən müğənnilər barədə elə şeylər deyərəm ki… Onların bəziləri meyxanaçıların etmədiyi şeyləri edirlər. İndi mən bunu bütün müğənnilərə şamil edə bilmərəm ki… Onun meyxana ilə nə işi var? Qaldı söyüş söyməyə, məsələn mən. Mənim bir dənə söyüşlü meyxanamı desin”.
Elza xanımın şeirləri başdan ayağa söyüşdür. Onun sözləri söyüşdən başqa heç nəyə şamil etmək olmaz.
“Ağzını tikərəm”, “onu belə edərəm”, “bunu elə edərəm” , “dalımı tuturam, qabağımı tuturam” və s. İndi biz duraq, belə şeyləri sayaq? Ayıb deyil? Kiminlə problem varsa, adbaad desin, problemini də onunla həll etsin. Meyxananın adından danışmasın. Bir–birimizə hörmətlə davranaq. Sənətimizə hörmətlə davransın”, - deyə M. Əhmədli əlavə edib.
Ziyafət Əlisoy