Azərbaycanda bəzi yüksək vəzifəli məmurların əlçatmaz olduğu heç kimə sirr deyil. Lakin Elm və Təhsil naziri Emin Əmrullayev bu stereotipləri sındıran, tamamilə fərqli idarəçilik anlayışına malik olan məmurdur. Onun karyera hekayəsi həm gənclər üçün motivasiya mənbəyidir, həm də bürokratiyanın içindən süzülüb gələn səmimiyyətin nümunəsidir.
Bakıvaxtı.az metbuat.az-a istinadla xəbər verir ki, bu gün ölkənin təhsil sistemini idarə edən nazir, bir vaxtlar hamı kimi sadə bir iş axtaran gənc idi. Emin Əmrullayev öz çıxışlarının birində gəncliyinə aid olduqca maraqlı və səmimi bir faktı bölüşmüşdü: “Məzun olandan sonra 300-dən çox yerə CV göndərsəm də, cəmi ikisi müsahibəyə çağırdı”.
İki xarici ali təhsil müəssisəsinin diplomu ilə ölkəyə qayıdan gəncin yüzlərlə rədd cavabı alması, amma ruhdan düşməməsi bu gün onun gəldiyi nöqtənin təsadüf olmadığını göstərir. O, uğursuzluqları şəxsiləşdirməyib, ruhdan düşməyib, mübarizəni davam etdirib.
Emin Əmrullayevi bir çox həmkarlarından fərqləndirən əsas cəhət onun xalq üçün əlçatan və səmimi olmasıdır. O, mətbuat konfranslarında, canlı yayımlarda təhsil sistemindəki köklü problemləri gizlətmir, əksinə, onları açıq şəkildə dilə gətirir. “Hər şey əladır” demək əvəzinə, çatışmazlıqları, nöqsanları cəsarətlə etiraf edir. Əlbəttə, bu acı həqiqətləri danışmaq heç də həmişə asan olmur. Problemləri açıq müzakirəyə çıxardığına görə o, bəzən ictimaiyyətin və medianın tənqid hədəfinə çevrilir.
Dünya təcrübəsi göstərir ki, problemləri həll etmək üçün ilk növbədə onları qəbul etmək lazımdır. Yüzlərlə qapıdan rədd cavabı alsa da, öz əzmi ilə Azərbaycanda nazir olmağı bacaran Emin Əmrullayev, bu gün işsizlikdən əziyyət çəkən, bəzən isə həvəsdən düşən yüzlərlə gənc üçün müsbət nümunədir…
Bakı 



