• Bakı C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Enerji diplomatiyasında yeni mərhələ: Avropaya yönələn Azərbaycan-Türkiyə-Macarıstan ittifaqı

İQTİSADİYYAT

15 Dekabr 2025 | 16:40

Enerji diplomatiyasında yeni mərhələ: Avropaya yönələn Azərbaycan-Türkiyə-Macarıstan ittifaqı

Ölkəmizin siyasi və iqtisadi istiqamətdə yürütdüyü siyasətdə Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi prioritet məsələlərdən biri hesab oluna bilər. 

Bakıvaxtı.az bildirir ki, bu əməkdaşlıq enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində də özünü  büruzə verir. Paralel olaraq, Macarıstan Azərbaycanı etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. İki ölkə arasındakı hərtərəfli əməkdaşlıqda Türkiyənin də yer alması isə bu ölkələrin gücünü danılmaz edir.

Bəs görəsən, Azərbaycan-Türkiyə-Macarıstan əməkdaşlığı fonunda Macarıstanın enerji infrastrukturuna inteqrasiya ölkəmizin Avropa bazarlarına çıxış imkanlarına necə təsir edə bilər? Əldə olunan yeni imkanlar siyasi-iqtisadi format regionda yeni güc balansı yarada bilərmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Macarıstan və Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya axınının təşkili olduqca ciddi hadisədir:

"Macarıstan Türk Dövlətləri Təşkilatına daxildir və türk kökənlidir. Ölkə başçımız İlham Əliyevin elan etdiyi kimi, xarici siyasətimizin prioritetinə uyğun olaraq türk dövlətləri ilə münasibətlərin inkişafında mühüm addımlar atılıb. Bu, ümumilikdə türk gücünün daha da formalaşması və Avropaya yönəlməsi istiqamətində atılan çox ciddi addımdır. Azərbaycan qazının Avropaya axını gələcəkdə ölkəmizin Avropa bazarına daha böyük həcmdə enerji daşıyıcılarının çıxarılmasında mühüm rol oynayacaq. Burada önəmli faktor odur ki, dövr keçdikcə Avropa dövlətlərinə daha böyük həcmdə qaz ixracı həyata keçirilsin. Çünki Rusiyanın bu bazarda tutduğu mövqe və sonradan geosiyasi problemlərin meydana gəlməsi fonunda yaranan anlaşılmazlıqlar Azərbaycan qazına olan tələbatı daha da artıra bilər".

İqtisadçı hesab edir ki, Azərbaycan üçün ən önəmli məsələ sözügedən istiqamət üzrə müqavilənin uzunmüddətli olmasıdır. Ona görə  ki, Azərbaycan qazının Avropaya ixracı həm də ciddi siyasi əhəmiyyətə malikdir.

Vüqar Oruc: Macarıstan və Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya axını ciddi hadisədir

"Bu kontekstdə Azərbaycan-Macarıstan münasibətlərinin yeni və mühüm səhifəsi açılır. İki tük dövləti arasında iqtisadi və strateji əməkdaşlıq sahələri genişlənir. Bu isə Bakıdan Macarıstana qaz tədarükü ilə bağlı razılaşmanı daha da gücləndirir. Məlumdur ki, Azərbaycan qazı daha çox Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunur. İndi isə Tükiyə vasitəsilə Macarıstana nəql olunacaq və bu addım yeni istiqamət, yeni marşrut deməkdir. Təbii ki, Azərbaycan iqtisadiyyatı üçün önəmli faktordur", - deyə müsahibimiz əlavə edib.

V.Orucun fikrincə, ölkəmizin qeyd olunan sahədə mövcud olan rəqabətə dözməsi üçün kifayət qədər səbəbləri var. Əsas səbəblərdən biri hər iki dövlətin eyni birlikdə təmsil olunmasıdır:

"Bu, rəqabət istiqamətində Azərbaycanın mövqelərini gücləndirir. Çünki iqtisadi maraqlardan əlavə, milli və siyasi maraqlar mövcud anlaşmaya təsirsiz ötüşmür. Türkiyə üzərindən qaz axını həmçinin Azərbaycan və rəsmi Ankaranın strateji əməkdaşlığına növbəti töhfədir. Düşünürəm ki, bu  istiqamət üzrə xərclərin optimallaşdırılması vacib məsələlərdən biridir. Xərclərin optimallaşmasının yolu nəql dəhlizinin daha çox qaz tədarükü üçün nəzərdə tutulmasıdır. Kiçik həcmlər xərcləri artıra bilər və bu, arzuolunan deyil".

Müsahibimiz onu da qeyd edib ki, türk dövlətlərinin birliyi gələcəkdə çox böyük infrastrukturun, iqtisadi şəbəkənin yaranmasına səbəb olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR