2025-ci ildə Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.
Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ilin dekyabr ayına nisbətən 5,2 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,8 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,4 % artıb.
Dekabrda ayrı-ayrı qida məhsullarından daha çox artım manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, azalma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 % artıb. Qeyri-qida mallarından daha çox artım geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, azalma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dekabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə noyabra nisbətən 0,3 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bakı 




