Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Pakistan İş Forumunda çıxışı zamanı Qəzza ilə bağlı qətiyyətli mövqe sərgiləyib.
Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Ərdoğan çıxışında İsrailin verdiyi sözləri tutmadığını, atəşkəs prosesinin pozulduğunu və bölgənin yenidən qan və göz yaşına sürükləndiyini vurğulayıb. O, İslam dünyasının və beynəlxalq ictimaiyyətin Qəzzanı tək qoymayacağına inandığını qeyd edərək, "Yeni bir Nekbənin yaşanmaması üçün üzərimizə düşəni edəcəyik" mesajını verib.
Türkiyə lideri həmçinin Pakistanla iqtisadi əlaqələrə toxunaraq, iki ölkə arasında ticarət həcminin 1,4 milyard dollara çatdığını, lakin hədəflərinin 5 milyard dollar olduğunu bildirib. O, Türkiyənin Pakistanla iqtisadi, ticari və infrastruktur sahələrində əməkdaşlığını genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Ərdoğan çıxışında Suriyadakı vəziyyətə də toxunub, 13 ildən çox davam edən münaqişənin ümidverici mərhələyə keçdiyini və yeni idarəetmə ilə iqtisadi və ticarət sahələrində yeni bir dövrə qədəm qoyacaqlarını bildirib.
Türkiyə və Pakistanın strateji tərəfdaş olduqlarını vurğulayan Ərdoğan, hər iki ölkənin qarşılıqlı dəstək göstərərək regionun sülh və sabitliyinə töhfə verəcəyini bildirib.
Nuriyyə Musayeva