“Bölgəmizdəki gərginlik, Hörmüz boğazı və bölgənin hava məkanındakı qeyri-müəyyənliklər bizə təhlükəsiz nəqliyyat marşrutlarının nə qədər dəyərli olduğunu xatırlatdı”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bu baxımdan Orta dəhlizin əhəmiyyətinə diqqət çəkib:
“Vətəndaşlarımızla birlikdə ölkələri və qonşu regionları birləşdirəcək sülh və əməkdaşlıq marşrutları yaradırıq. Bu məqamda 2 böyük layihənin strateji əhəmiyyət kəsb etdiyini görürük. Birincisi, Orta dəhlizdir. Çindən Avropaya qədər uzanan Orta dəhliz dəniz yolundan 2 dəfə sürətli, hava yolundan isə 4 dəfə daha əlverişlidir.
Bizi maraqlandıran digər layihə isə “İnkişaf Yolu”dur. Bu, coğrafiyaları birləşdirərkən, regional sabitliyin və rifahın da açarıdır. “İnkişaf Yolu” Bəsrə körfəzindən başlayaraq Avropaya qədər uzanan multimodal quruluşu ilə seçilir.
Orta dəhlizin dəmir yolu üzərindən potensial ticarət həcmi 75 milyard dollar səviyyəsindədir. “İnkişaf Yolu” ilə də geosiyasi imkanlarımızı bütün regionumuzun faydalanacağı hərtərəfli iqtisadi üstünlüyə çevirəcəyik. Orta dəhliz layihələrini həyata keçirən zaman ildə 114 milyard dollarlıq istehsal və orta hesabla 144 min nəfərin məşğulluğunu gözləyirik. “İnkişaf Yolu” layihəsi sayəsində İraqın Fav limanına gələn yüklərin ölkəmiz üzərindən Avropaya açılacağı gözlənilir”.