Adı Azərbaycan mədəniyyəti tarixinə ilk peşəkar aktyor məktəbinin yaradıcısı, Şərqdə ilk operanın rejissoru kimi yazılan Hüseyn Ərəblinskinin vaxtilə yaşadığı ev sökülüb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, rejissorun Bakının Vidadi küçəsi, dalan 6, ev 3 ünvanında yerləşən evi artıq dağıdılıb.
Məsələ sosial media istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. İstifadəçilər bunu Azərbaycan mədəni irsinə qarşı laqeyd münasibət kimi qiymətləndiriblər.
Şərhlərdə qeyd olunub ki, Gəncədə də Azərbaycan teatrının korifeylərinin yaşadığı yeganə “Aktyor evi” sökülmək təhlükəsi ilə üz-üzədir. Xatırladılıb ki, İkinci Dünya müharibəsi illərində həmin evdə Moskvadan Gəncəyə təxliyə olunmuş Vasili Kaçalov, Faina Ranevskaya, Olqa Knipper-Çexova və digər tanınmış aktyor və rejissorlar yaşayıb. Hətta Moskva Bədii Akademik Teatrının demək olar ki, bütün truppasının həmin dövrdə orada məskunlaşdığı vurğulanıb.
İstifadəçilər bildirib ki, Hüseyn Ərəblinski Azərbaycan opera və teatr sənəti tarixinin ayrılmaz hissəsidir:
“Onun evini muzeyə çevirmək olmazdımı? Heç olmasa Ərəblinskinin adını daşıyan bir divarı saxlamaq mümkün idi”.
Bəzi paylaşımlarda isə xarici ölkələrdə tarixi irsə münasibət nümunə göstərilib. Qeyd olunub ki, Almaniyanın Hamburq şəhərində İkinci Dünya müharibəsi zamanı dağıdılmış bir evin yalnız bir divarı qorunaraq bərpa edilib, ətrafı abadlaşdırılıb və həmin məkan tarix nümunəsi kimi saxlanılıb.
Sosial şəbəkə istifadəçiləri hesab edir ki, Ərəblinskinin evi də ev-muzey kimi qoruna bilərdi. Onların fikrincə, ərazidə kiçik park salınaraq tarixi bina bərpa olunsa, həm mədəni irs yaşadılar, həm də şəhər üçün yeni mədəni məkan yaranardı.

Bakı 




