• Bakı 30° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Azərbaycan-İtaliya mədəni əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub
 

MƏDƏNİYYƏT

19 Iyun 2026 | 09:15

Azərbaycan-İtaliya mədəni əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub 

Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addımlar atılır.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 18-də Roma şəhərində səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyanın mədəniyyət naziri Alessandro Ciuli ilə görüş keçirib.

Görüş zamanı iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki ölkə arasında mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Nazirlər mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin artırılması məsələlərinə də toxunulub.

Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritet istiqamətləri, mədəni diplomatiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində həyata keçirilən təşəbbüslər barədə italiyalı həmkarına məlumat verib.

Görüşdə qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı təkliflər də müzakirə olunub.

Bildirilib ki, Azərbaycan və İtaliya mədəniyyət nazirlərinin əvvəlki görüşü 2024-cü ilin dekabr ayında Romada keçirilib. Həmin görüşdə əldə olunan razılaşmaların davamı olaraq tərəflər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi və birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.

Sonda mədəniyyət sahəsində nəzərdə tutulan layihələrin icrası ilə bağlı tədbirlər planı müzakirə olunub və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026