• Bakı 26° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Meksika hərbçiləri Koreya millisini "güdən" dronu vurdular

İDMAN

18 Iyun 2026 | 18:53

Meksika hərbçiləri Koreya millisini güdən dronu vurdular

Meksika hərbçiləri Cənubi Koreya futbol yığmasının məşq etdiyi idman kompleksinin üzərində uçan dronu vurublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Çərşənbə axşamı Koreya millisi Meksika ilə oyunun taktiki kombinasiyalarına hazırlaşmaq üçün Sapopanda qapalı məşq keçirmək qərarına gəlib. Komandanın təhlükəsizlik xidmətinin əməkdaşı isinmə prosesi vaxtı stadionun üzərində PUA (pilotsuz uçuş aparatı) aşkarlayıb və Meksika hərbçilərini məlumatlandırıb. Nəticədə hərbçilər cihazı nəzarətə götürərək məhv ediblər.

Koreya Futbol Assosiasiyasının məlumatına görə, PUA-nı idarə etdiyi ehtimal olunan iki nəfər aparatı götürərək hakimiyyət orqanları gələnə qədər ərazini tərk edib. Koreya futbol rəsmiləri yerli polisə müraciət edərək insidentin araşdırılmasını xahiş ediblər.

"Hadisə barədə dünənki məşq zamanı xəbər tutdum. Xoşbəxtlikdən, bu, taktiki çalışmalara başlamazdan əvvəl baş verdi, ona görə də bizə təsir etmədi", - deyə yığmanın baş məşqçisi Hon Myon Bo bildirib. Bununla belə, o, matça hazırlığın "kritik vacib dövründə" belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirdiyini deyib.

"AP" agentliyi Meksika rəsmi mənbələrinə istinadən yazıb ki, son günlər stadionlar və millilərin yerləşdiyi ərazilər ətrafında qadağan olunmuş zonalara daxil olmağa cəhd edən bir neçə dron vurulub. Söhbət ən azı üç fərqli şəhərdən gedir.

Qeyd edək ki, Meksika və Cənubi Koreya yığmaları arasındakı oyun iyunun 19-da Sapopanda keçiriləcək. Birinci turda meksikalılar CAR yığmasına 2:0, koreyalılar isə çexlərə 2:1 hesabı ilə qalib gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR