"ABŞ və İran arasında imzalanan memoranduma əsasən atəşkəs qüvvədə qalacaq".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İsrailin bu anlaşmaya qarşı olduğu, narazılığı əvvəldən bəlli idi:
“İsrailin baş naziri Benyamin Netanyahu deyir ki, İran nüvə silahına malik olmayacaq. Yəqin ki, Netanyahunun daxili auditoriyaya deyəcək sözü var. Amma burada İsrail heç nə qazanmadı. Üstəlik, ABŞ heç zaman icazə verməz ki, İsrail İranla anlaşmanı pozsun. İsrail buna cəhd edərsə, İranın növbəti hücumlarına məruz qalacaq”.
Müsahibimiz hesab edir ki, ABŞ və İran arasında əldə edimiş memorandum pozulmayacaq.
Məhəmməd Əsədullazadə: ABŞ heç zaman icazə verməz ki, İsrail İranla...
İranla İsrail arasında anlaşma olub-olmayacağına gəlincə, Əsədullazədənin fikrincə, bu, mümkün deyil:
“Çünki İran İsraili bir dövlət kimi tanımır. İsraillə İran arasında hərbi əməliyyatların bərpa olunacağı gözlənilmir”.
ABŞ prezidentinin prosesə tam nəzarət etdiyini deyən politoloq bildirib ki, İsrail məhz Vaşinqtonun razılığı ilə İrana qarşı hərbi əməliyyatlara başlamışdı:
“Tel-Əvivin özbaşına hərəkət etməsi yaxşı nəticələr doğurmaz”.
Qeyd edək ki, İsrailin energetika naziri və Təhlükəsizlik Kabinetinin üzvü Eli Koen bildirib ki, İsrail özünü ölkənin təhlükəsizliyini təmin etməyən heç bir razılaşmaya bağlı hesab etmir. Onun sözlərinə görə, İran nüvə və ballistik raket proqramlarını bərpa etsə, hərbi əməliyyatlar bərpa olunacaq, buna hazırıq.
Nazir bildirib ki, İsrail İrana ciddi zərər vurmaq üçün lazımi kəşfiyyat və hərbi imkanlara malikdir:“Tehran nüvə ya raket proqramlarını bərpa etməyə cəhd etsə, yenidən tədbir görəcək”.
Koen həmçinin İranı “Yaxın Şərqdəki qeyri-sabitliyin əsas səbəbi” adlandırıb:
“Tehranın regiondakı təsiri dağıdıcı idi. Ərəb ölkələri İrandan gələn təhlükəni İsraillə eyni şəkildə qiymətləndirir və onunla mübarizədə əməkdaşlıq edə bilərlər”. İsrail naziri “Hizbullah” Hərəkatını “İranın bir qolu” adlandırıb, o, tərksilah edilənə qədər Livan-İsrail münasibətlərində sabitlik və rifah perspektivinin olmayacağını sözlərinə əlavə edib.
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunu Livanla müharibəyə və çoxsaylı insan ölümünə görə açıq tənqid etdikdən sonra Vaşinqtonla Təl-Əviv arasında gərginlik artıb. İran isə istənilən uzunmüddətli razılaşmanın İsrailin Livandakı hərbi əməliyyatlarının dayandırılmasını da ehtiva etməli olduğunda təkid edir.
Aydın Baxış
Bakı 



