• Bakı 16° C

    11.21 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Erməni lobbisinin çirkin oyunları: Guya Vardanyan "xüsusi statusa" malikdir

SİYASƏT

18 Aprel 2024 | 17:16

Erməni lobbisinin çirkin oyunları: Guya Vardanyan xüsusi statusa malikdir

Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırıb.

Qeyd olunub ki, son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır. Vurğulanıb ki, Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir:

"Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır".

Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur. Qurumun heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporunun radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır.

Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, "Lemken İnstitutu" biznes təşkilatıdır.

Onun sözlərinə görə, təşkilat sifarişli layihələr həyata keçirərək pul qazanır:

""Lemken" institutunun Ermənistanla, separatçılarla bağlı layihələri, açıqlamaları, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışmaları müəyyən məbləğin qarşısında icra olunur. Həmin vəsaiti də erməni lobbisindən, digər dairələrdən əldə edirlər. Erməni mərkəzləri, diaspor təşkilatları belə məsələlərlə bağlı əsla simiclik etmirlər, nə qədər lazımdırsa, pul toplayıb verirlər. Məlumdur ki, bir müddətdir Vardanyanla bağlı kampaniya başladıblar. Guya Vardanyan "xüsusi statusa" malikdir və ona qarşı hərəkətlər yolverilməzdir və s. Vardanyanın Rusiyada böyük maliyyə imkanları var və onun vəsaiti öz müdafiəsi üçün müəyyən təşkilatlara göndərilir. Məqsəd Azərbaycanı qaralamaq, beynəlxalq rəydə haqqımızda mənfi imic formalaşdırmaqdır”.

Müsahibimiz qeyd edib ki, dövlətimiz sözügedən dairələrə, qurumlara qarşı tədbirlər görür:

“Rəsmi qaydada müəyyən dövlətlərə, beynəlxalq təşkilatlara da müraicətlər oluna bilər ki, təxribatçı fəaliyyətin önünü alsınlar, onlara meydan verməsinlər. Amma diaspor təşkilatlarımızın da üzərinə yük, məsuliyyət düşür".

Akif Nağı: Diaspor təşkilatlarımızın da üzərinə yük, məsuliyyət düşür

A.Nağı bəyan edib ki, ilk növbədə Vardanyan kimi separatçıların, terroru maliyyələşdirən şəxslərin təmizlənmə cəhdlərinin qarşısı alınmalı, bu işi həyata keçirən qurumların hansı məqsədlərə qulluq etdiyi ifşa olunmalıdır:

""Freedom House" təşkilatı növbəti bəyanatında da Azərbaycanı "etnik təmizləmə"də ittiham edib. Diaspor təşkilatlarımız həmin qurumlarla, təşkilatlarla əlaqə qurmalı, onlarla işləməyi, mövqelərini dəyişdirməyi bacarmalıdır. Bütün vasitələrdən istifadə etməliyik ki, erməni lobbisinin çirkin oyunlarının qarşısını ala bilək".

Aydın Baxış


SON XƏBƏRLƏR