• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Erməni riyakarlığı: Paşinyan növbəti absurd təklif irəli sürdü

SİYASƏT

29 Yanvar 2024 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

Erməni riyakarlığı: Paşinyan növbəti absurd təklif irəli sürdü

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesi ilə bağlı növbəti absurd təklifini gündəmə gətirib.

Bakıvaxtı.az-ın məlumatına görə. O, sülh müqaviləsinin imzalanmasının gecikəcəyi halda Bakıya “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib.

Xatırladaq ki, Paşinyan bundan öncə Azərbaycana "silahlara qarşılıqlı nəzarət mexanizminin" tətbiq ediləsi ilə bağlı təklif irəli sürmüşdü. Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək. Lakin göründüyü kimi Paşinyan bulanıq suda balıq tutmağa davam etməkdədir.

Siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın növbəti açıqlaması erməni riyakarlığının və hiyləgərliyinin bariz nümunəsidir.

Onun sözlərinə görə, Ermənistan hökuməti Bakı ilə müəyyən paktları imzalamaqla Azərbaycanın bir çox məsələylə bağlı haqlı tələblərinin önünü kəsməyə çalışır:

"Paşinyan hökuməti istəyir ki, vurğuladığı məqamlarla bağlı Azərbaycanla razılaşma sənədi olsun. Bununla da rəsmi Bakının Zəngəzur dəhlizi, Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıdışı, sərhəd problemi və digər məsələləri gündəmə gətirdiyi halda dərhal beynəlxalq qurumlar qarşısında iddia qaldırsın. Məqsəd Azərbaycanı müəyyən paktları pozmaqda ittiham edərək dünya ictimaiyyətində, beynəlxalq təşkilatlarda ölkəmizə qarşı növbəti təzyiq dalğasının başlanmasına nail olmaqdır. Deyək ki, hansısa mərhələdə "silahlara qarşılıqlı nəzarət" mexanizmi imzalana bilər. Amma nəzərə alaq ki, Ermənistan ordusu və hərbi texnikası Azərbaycan tərəfindən 44 günlük müharibədə məhv edilib. Sonrakı dönəmlərdə silahlanma həyata keçirilsə də, bu, çox az səviyyədədir. Amma Azərbaycan dövləti tam haqlı olaraq öz təhlükəsizliyini nəzərə alaraq daim hərbi gücünü, texnikalarını təkmilləşdirib. İndi öz pulumuz hesabına aldığımız silah-sursatın nəzarətə alınmasına razılıq vermək bizim üçün məqsədəuyğun deyil".

F.Abbasov vurğulayıb ki, indiki məqamda Azərbaycan tərəfi nə "silahlara qarşılıqlı nəzarət", nə də "hücum etməmək" barədə paktlara imza atmamalıdır və böyük ehtimal atmayacaq:

"Hazırda əsas məsələ İrəvan hökumətini sülh sazişinin imzalanmasına məcbur etmək, təzyiq göstərməkdir. Rəsmi Bakı da bunu etməli və prosesi olduğu kimi saxlamalıdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026