Amerika Birləşmiş Ştatlarında (ABŞ) növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-ın 47-ci prezidenti seçilə bilər.
ABŞ Konstitusiyasının 2-ci maddəsinə əsasən, prezident seçilmək üçün namizədin anadangəlmə ABŞ vətəndaşı olması, ən azı 35 yaşı olması və ən azı 14 il ölkədə yaşaması lazımdır. Namizədlər öz siyasi partiyaları tərəfindən praymerizin nəticələrinə əsasən irəli sürülür. Seçilmiş prezidentin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.
Hər kəsin gözü ABŞ-dadır. Çünki bu il Donald Tramp çox iddialıdır. Belə ki, sabiq prezident dövlət başçısı olsarsa, dünyada müharibələrin azalacağını, hətta bir çox problemin həll ediləcəyini iddia edir.
Tramp prezident olarsa, dünya hansı yöndə dəyişəcək?
Siyasi şərhçi Mübariz Göyüşlü Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, prezident seçkilərinin ABŞ-da, təsir və maraq dairəsində olan ərazilərdə siyasi baxımdan köklü dəyişiklərə gətirib çıxaracağı inandırıcı deyil:
“Çünki Amerika dövlətinin idarə edənləri, başbilənləri var. Amerikada bir sistem var. Bu sistem istər xarici, istərsə də daxili siyasətlə bağlı planlar hazırlayıb təqdim edir. Prezidentlərin bu işin yalnız icraçıları olduğunu deməzdim, lakin bu planlardan kənar prosesin baş verməsi, demək olar, mümkünsüzdür”.
Müsahibimiz Amerika dövlətinin siyasətini yürüdənlərin Azərbaycan-Ermənistan münasibətlərində köklü dəyişikliklər nəzərdə tutduğunu görə bilmədiyini deyib:
“Ermənistana dəstək vermə siyasəti Amerikanın 100-200 illik siyasətidir. Erməni soyqırımı iddialarının ortaya çıxmasında da Amerikanın xüsusi rolu olub. Mavi kitabın hazırlanması və s. bu kimi məsələlərdə Qərb dövlətlərinin xüsusi rolu olub. Düzdür, bu, Osmanlıya qarşı olub, ancaq son dövrlərdə də Ermənistana dəstəklərini görürük. Bu mənada, Trampın da bu məsələni dəyişəcəyinə ümid etmirəm”.

Mübariz Göyüşlü: Erməni soyqırımı iddialarının ortaya çıxmasında da Amerikanın xüsusi rolu olub
Onun sözlərinə görə, biz belə məsələlərə ümidli olmamalıyıq:
“Azərbaycan, necə ki Qarabağ məsələsini həll edərək siyasi reallıq yaratdı, eləcə də qardaş Türkiyə və digər türk dövlətləri ilə bu reallığı dəyişməlidir. Amerika Ermənistanı dəstəkləyir, keçən il təlimlər keçdilər. Amerikanın İravandakı səfirliyinin çox böyük heyəti var. Paşinyanı “Sorosun uşağı” adlandırırlar. Bu dəstəyin davam edəcəyini güman edirəm”.
M.Göyüşlü hesab edir ki, Amerikanın Azərbaycana qarşı qərəzli olmaması bizim üçün yetərlidir:
“Bizim Ermənistan kimi Amerikanın və ya bir başqasının forpostu olmağa niyyətimiz yoxdur. Ona görə, hesab edirəm ki, Trampın və ya rəqib nümayəndənin gəlməsi köklü dəyişiklərə gətirib çıxarmayacaq”.
Aytac Aslan
















