"Ağ Evin yeni sahibi gəlib və ABŞ-nin ayırdığı pulların hesabını istəyir, 16 milyon əhali köçkünə çevriləndən, 30 faiz torpaq və 100 minlərlə insan itiriləndən sonra qəhrəman ukraynalılardan təbii sərvətləri ilə borclarını qaytarmaq tələb olunur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimsənilib. Qlobal müharibə partiyası bir xalqın qanı üzərindən 100 milyardları silib.
"İllərdir dövlətimizə şər atanlar, 1994-cü ilin “Əsrin müqaviləsi”ni, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırki Ukrayna ilə müqayisə etsin, görsün, Ulu öndər Heydər Əliyev məğlub Cəbhə hakimiyyətini necə kapitulyasiyadan xilas edib, Qələbəmizin əsasını qoymuşdu. Müqaviləni belə bağlayarlar, cənablar! Ulu öndərdən öyrənin-çünki O, təkcə azərbaycanlılara deyil, bütün xalqlara qurtuluş yolunu göstərib. Uzun on illər liderimizin dediklərini indi Ağ Evdə təsdiqləyənlər Peqasus, Panama kimi küfr sənədləri, landromat yayanları ifşa edirlər və dövlət başçımızın yalançı 4-lük adlandırğı “The New York Times” və digər şər maşınının haradan idarə olunduğunu üzə çıxarırlar. Görün, Qorbaçovun Pravdası ilə, Baydenin “ The Washington Post”u necə bir-birinə bənzəyir. İnanırıq ki, terror mediası Osmanqızı, Azad söz və digər muzdlu şəbəkə də məhv olacaqlar".
Z.Oruc qeyd edib ki, indi qalib Azərbaycanın taleyi özündən asılıdr. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir.
Deputat onu da vurğulayıb ki, ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb.
"Ermənistana sərhədi başqa paytaxtlar yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər.
İnanırıq ki, qardaş ölkə Türkiyə sərhəddin açılması qərarını çıxararkən, nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soqırım tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ qələbəmizdir".
Mina Mikayılova