• Bakı 13° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Ermənistan nümayəndə heyəti Bakıda: Xalqlar arasında etimad mühiti artırılır

SİYASƏT

21 Noyabr 2025 | 17:00

Ermənistan nümayəndə heyəti Bakıda: Xalqlar arasında etimad mühiti artırılır

Noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilib.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. Dəyirmi masada iştirak Ermənistanla Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların intensivləşməsinə və iki dövlətin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşdırılmasına imkan verəcək.

Qeyd edək ki, 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüş təşəbbüsü sülh gündəliyini 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb.

Politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan tərəfi iki ölkənin ictimaiyyətləri arasında görüş məsələsini də öz üzərinə götürdü və ilk təmas ötən ay İrəvanda baş tutdu.

Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında düşmənçilik ənənələri o qədər dərin köklərə sahib idi ki, bunun aradan qaldırılması heç də asan deyildi və böyük bir prosesə start vermək lazım idi:

"Düşünürdük ki, dünyada ayrı-ayrı dövlətlər arasında müharibələr baş verir və sonra iki ölkənin rəhbəri, ardınca XİN başçıları bir sıra görüşlər keçirirlər, sənədlər imzalanır və məsələ bitir. Amma elə deyil. Əfsuslar olsun ki, kənar güclərin prosesə müdaxiləsi nəticəsində iki ölkə və xalq arasında düşmənçilik çox dərinləşmişdi və onu tezliklə aradan qaldırmaq çətindir. Azərbaycan tərəfi bu məsələyə kompleks yanaşma ortaya qoydu”.

Xəyal Bəşirov: Növbəti görüşün Bakıda keçirilməsi prosesin davamlı olduğunu göstərir

Müsahibimiz qeyd edib ki, söhbət təkcə dövlət başçıları arasında hansısa sənədin imzalanmasından getmir:

“Bəli, sülh sənədinin imzalanması zəruridir. Ancaq bununla proses bitmir və hətta yeni başlayır. Rəsmi Bakı digər məsələlərdə olduğu kimi ictimaiyyət nümayəndələri arasındakı görüşlərdə də ilk təşəbbüsü öz üzərinə götürdü. Məhz bunun sayəsində oktyabrın 22-də Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında görüş reallaşdı. Bu, iki xalq arasında etimad mühitinin yaradılıması və ümumilikdə sülh prosesinin bu istiqamətdə də təşviq edilməsi üçün çox önəmlidir”.

“Növbəti görüşün Bakıda keçirilməsi prosesin davamlı olduğunu göstərir. Şübhəsiz ki, Bakıda da İrəvandakı kimi eyni məzmunlu mövzular müzakirə ediləcək", - deyə Xəyal Bəşirov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR