• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Gürcüstan-Aİ qarşıdurması: Münasibətlərin gərginləşməsi Kremlə fürsətlər yaradır

SİYASƏT

20 Dekabr 2025 | 13:04

Gürcüstan-Aİ qarşıdurması: Münasibətlərin gərginləşməsi Kremlə fürsətlər yaradır

“Gürcü əsilli rusiyalı milyarder Bidzina İvanişivilinin qurucusu olduğu "Gürcü Arzusu-Demoktatik Gürcüstan" Partiyasının hakimiyyətə gəlməsinin ilk illərində Qərblə münasibətlər normal olsa da, sonrakı dönəmlər pisləşməyə doğru getməkdədir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əli Oruclu deyib.

Onun sözlərinə görə, xüsusən də Gürcüstanda keçirilən son parlament və bələdiyyə seçkiləri bu ziddiyyətləri daha da kəskinləşdirdi:

"Avropa İttifaqı parlament və bələdiyyə seçkilərinin hakimiyyət tərəfindən total saxtalaşdırıldığını iddia etdi. Gürcü müxalifəti “Gürcü Arzusu” Partiyasını Rusiyapərəst adlandırır və Kremlin Qərbdən uzaqlaşmaqda ittiham edir. Qərbin Gürcüstan hakimiyyətinə qarşı sərt davranışları və ritorikası Tiflisin də adekvat üslubda cavab verməyə vadar edir”.

Müsahibimiz hesab edir ki, proseslərin bu cür axarı Aİ və Gürcüstan üçün arzuolunan deyil. Onun sözlərinə görə, eyni zamanda münasibətlərin gərginləşməsi qarşılıqlı maraqlara uyğun deyil və Kreml üçün fürsətlər yaradır:

“Qərb təzyiq etdikcə Gürcüstan Rusiyaya yaxınlaşmaq yolunu tutmağa məcbur qalır. Baxmayaraq ki, hakim "Gürcü Arzusu" Moskva ilə münasibətləri bərpa etməyə ehtiyatla yanaşır. Əsas şərt kimi də Gürcüstanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması irəli sürülür".

Əli Oruclu: Proseslərin bu cür axarı Aİ və Gürcüstan üçün arzuolunan deyil

"Bu hal regionun gələcəyi üçün də yaxşı deyil. Düşünürəm ki, Gürcüstan hakimiyyəti sərtləşməkdən kompromislərə meyilli olduğunu nümayiş etdirməlidir. Ancaq bunu həm daxili siyasətdə, həm xarici siyasətdə əksi baş verməkdədir. Hakimiyyət dəyərlərdən uzaqlaşdıqca özünü də real daxili və xarici təzyiq altına qoyur. Ona görə də  maksimum dərəcədə qarşılıqlı ittiham və qəzəblərdən qaçınılmalıdır".

Qeyd edək ki, Gürcüstan baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisi hökumətinə münasibətini tənqid edib. Baş nazirin sözlərinə görə, Aİ-nin nümayiş etdirdiyi ikili standartlar utancvericidir. Hökumət başçısının sözlərinə görə, Aİ artıq Gürcüstandan açıq şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir:

"Bu, bizim əvvəllər danışdığımız bütün məsələlərin tam təsdiqidir. Avropa bürokratiyası artıq açıq şəkildə sanksiyalara qoşulmağı tələb edir, əvvəl buna maksimum ehtiyatla yanaşırdılar, sonra Avropa Parlamentinin qətnaməsində bunu bəyan etdilər, indi isə icraedici qurum (Avropa Komissiyası) da sanksiyalara qoşulmağı tələb edir".

Kobaxidze əlavə edib ki, Aİ heç vaxt Moldova, Ermənistan və ya başqa bir ölkəyə yeni tələbi qoymayıb:

"Burada da ikili standartlar görünür. Heç kim, məsələn xanım Kallas, deyə bilməz ki, Moldovanın Avropa İttifaqına üzv olmaq istəməməsi ilə bağlı problem var. Hər yerdə ikili standartlar mövcuddur, müəyyən ölkələrin baş nazirləri Avropadan Moskvaya uça bilirlər. Biz bunun əleyhinə deyilik, bu müvafiq ölkələrin işidir, amma Avropa bürokratiyasının ikili standartlar nümayiş etdirməsi pis haldır, utancvericidir".

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, onlar Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirlər. Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni Aİ-yə doğru olmayan yanlış istiqamətdə aparır:

"Buna görə də biz gürcü xalqına qətiyyətlə bəyan edirik ki, biz onlarlayıq. Lakin hökumət yanlış addımlar atdığı müddətcə biz Gürcüstanın namizəd ölkə statusu alması prosesində irəliləyə bilməyəcəyik".

Aydın Baxış


SON XƏBƏRLƏR

19 Dekabr 2025