• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Davos 2026: Avropa üçün imkan pəncərəsi, yoxsa zəifliklərin səssiz etirafı?

SİYASƏT

19 Yanvar 2026 | 12:29

Davos 2026: Avropa üçün imkan pəncərəsi, yoxsa zəifliklərin səssiz etirafı?

Yanvarın 19-23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq. Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 minə qədər iştirakçı olacaq.

Forum mahiyyət etibarilə artıq klassik iqtisadi müzakirə platformasından çox, qlobal güc balanslarının və siyasi iradələrin toqquşduğu məkana çevrilib. Burada səslənən suallar iqtisadi terminologiya ilə ifadə olunsa da, onların arxasında duran əsas problem siyasidir.

Beynəlxalq əməkdaşlıqdan danışılır, amma etimad böhranı dərinləşir.

Dayanıqlı artım vurğulanır, lakin dünya iqtisadiyyatı getdikcə təhlükəsizlik risklərinin girovuna çevrilir.

İnsan kapitalı ön plana çəkilir, amma miqrasiya, demoqrafik gərginlik və sosial parçalanma bu kapitalın harada və kim üçün işləyəcəyi sualını açıq saxlayır.

Davos bu mənada artıq problemlərə cavab tapılan yer deyil, problemlərin nə qədər idarəolunmaz hala gəldiyini göstərən güzgüdür.

Bu il forumun siyasi ağırlıq mərkəzində isə ABŞ dayanır və xüsusilə Donald Trump faktoru debatların fonunu müəyyənləşdirir. Trampın iqtisadi siyasəti ilə təhlükəsizlik yanaşması bir-birindən ayrılmır və bu, Avropa üçün ciddi narahatlıq yaradır. Tariflər, ticarət təzyiqləri, müttəfiqlərlə açıq dil və geosiyasi basqılar Davosda açıq şəkildə müzakirə olunacaq mövzulardır. ABŞ üçün bu forum qlobal əməkdaşlığı gücləndirməkdən çox, mövcud beynəlxalq sistemi yenidən formatlamaq üçün fürsət kimi görünür. Avropa isə bu prosesdə təşəbbüskar yox, daha çox reaksiya verən tərəf təsiri bağışlayır və bu da onun zəif nöqtələrini üzə çıxarır.

Avropa İttifaqı liderləri texnologiya, enerji təhlükəsizliyi və müdafiə strategiyalarını müzakirə etsə də, əsas sual cavabsız qalır. Avropa bu dəyişən dünyada müstəqil siyasi mərkəz ola biləcəkmi, yoxsa böyük güclər arasında sıxışan aktora çevriləcək. ABŞ ilə münasibətlərdə asılılıq davam edir, Çinlə iqtisadi əlaqələr risk yaradır, Rusiya faktoru isə təhlükəsizlik gündəliyini tamamilə müəyyənləşdirir. Davosda aparılan debatlar Avropanın geosiyasi mövqeyini gücləndirməkdən çox, onun strateji tərəddüdlərini açıq göstərir. Məhz buna görə də bu forum Avropa üçün imkan pəncərəsindən daha çox, zəifliklərin səssiz etirafına bənzəyir.

Ümumilikdə Davos 2026-cı ilə baxış deyil, daha çox gələcək qlobal nizamın nə qədər qeyri-sabit üzərində qurulduğunu nümayiş etdirir. Burada qəbul edilən qərarlar dərhal nəticə verməyə bilər, amma verilən mesajlar çox aydındır. Qlobal sistem daha parçalı, daha sərt və daha az proqnozlaşdırılan mərhələyə daxil olur. Dövlət başçıları və biznes liderləri bu reallığı etiraf etməyə başlayıblar, lakin onu dəyişəcək siyasi iradə hələ formalaşmayıb. Davosun əsas mənzərəsi də məhz budur.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR