Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Brüsseldə NATO-nun Hərbi Komitəsinin iclasında iştirak edir.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 15-17-də Brüsseldə işgüzar səfərdədir. Məqsəd NATO-nun Hərbi Komitəsinin üzv və tərəfdaş dövlətlərin müdafiə qərargahlarının rəisləri formatında iclasında iştirak etməkdir", - nazirlikdən bildirilib.
Məlumatda qeyd olunur ki, iclasın keçirilməsində məqsəd müasir qlobal və regional təhdidlər və çağırışlar haqqında məlumatlılığın artırılması, həmçinin onların yumşaldılması üçün kollektiv həllərin axtarılmasıdır.
Ermənistan müdafiə nazirliyindən bildirilib ki, iclas zamanı iqlim dəyişikliyi, geniş yayılmış qeyri-sabitlik, yeni və dağıdıcı texnologiyalar, hibrid və kiber təhdidlər dövründə həyati əhəmiyyətli infrastrukturların dayanıqlılığı, həmçinin tərəfdaş dövlətlərin NATO-nun rəhbərliyi altında əməliyyat və missiyalarda iştirakına dair məsələlər müzakirə olunur.