Ermənistan parlamentində müxalifət və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları arasında növbəti gərginlik yaşanıb.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının deputatı David Qazinyan parlamentin iclas zalından çıxarılıb.
Gərginlik Qazinyanın fraksiya həmkarı Areg Ovsepyanın çıxışından sonra başlayıb. İclasa sədrlik edən parlamentin vitse-spikeri Vaaqn Aleksanyan (Vətəndaş Müqaviləsi) çıxışla bağlı fikirlərini bildirmək istəyib. Bu isə Qazinyanın kəskin reaksiyasına səbəb olub.
Vitse-spiker deputatdan qışqırmağı dayandırmasını bir neçə dəfə tələb edib. Tələblərə əməl edilmədikdən sonra Aleksanyan Qazinyandan günün sonuna qədər iclas zalını tərk etməsini istəyib.
Qazinyan jurnalistlərə açıqlamasında bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları müxalifət nümayəndələrinin hər çıxışından sonra şərh verməyi vərdiş halına gətiriblər.
“Sadəcə dedim ki, etdiyimiz hər çıxışa şərh verməyin. Parlamentin prosedur qaydaları belə bir hüquq vermir. Özümü saxladım, sonra hakim partiyadan olan həmkarlarımı dayandırmağa çağırdım, amma onlar yenə də təxribat xarakterli şərhlər verirlər. Bu, anormaldır”, - deyə müxalifətçi deputat bildirib.
Hadisədən sonra müxalifətdəki “Güclü Ermənistan” və “Ermənistan” fraksiyalarının deputatları iclas zalını tərk ediblər.
Bundan bir neçə dəqiqə sonra isə “Güclü Ermənistan” fraksiyasının deputatı Ruben Mxitaryanla hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının nümayəndəsi Arman Eqoyan arasında da gərginlik yaşanıb. Jurnalistlər həmin anları kameraya çəkiblər. Məlumata görə, Eqoyan müxalifət deputatının istehzalı açıqlamasına etiraz edib.
Günəş Mərd
Bakı 



